İkinci Qarabağ müharibəsində Gəncəyə raket hücumunun fəsadları ağır izlər qoyub.
Bunu “Report”a rusiyalı hərbi fotomüxbir Mixail Voskresenskiy bildirib.
“Sentyabr ayının sonunda bu münaqişənin qaynar mərhələyə qədəm qoyduğunu eşidən kimi oraya gedib hadisələri yerindəcə izləmək qərarı verildi. Ayın 29-da Bakıya gəldim. Dərhal da Tərtər rayonuna yola düşdük. Azərbaycan tərəfi bizi çox yaxşı qarşıladı, həm paytaxtda, həm də bölgələrdə işləməyimiz üçün hər cür şərait yaradıldı”, – deyən fotomüxbir qeyd edib ki, birbaşa döyüş şəraitində çəkiliş aparmaq imkanları məhdud olsa da, dinc şəhərlərə Ermənistan ordusunun hücumlarının fəsadlarını çəkə bilib.
“Bir çox yerlərdə olduq, amma Gəncəyə raket hücumundan sonrakı mənzərə məndə daha ağır təəssürat yaratdı. Oraya hadisədən iki saat sonra, gecə ilə gəlib çatdıq. Ölənlərin axtarışı aparılırdı. Xilasedici və əsgərlərin dağıntılar altından çıxardıqları bir neçə meyiti çəkə bildim. İnsanların yaxınlarını dağıntılar altında necə axtardıqlarını, ölüsünü tapanda da bu itkini qəbul etmək istəmədiklərini görmək olduqca ağırdı. Həmin dağıntıları eləcə əlləri ilə yığışdırmağa çalışırdılar”, – deyə o qeyd edib.
44 günlük müharibəni işıqlandıranlardan olan M.Voskresenskiy bu gün “Sputnik Azerbaijan” multimedia mətbuat mərkəzindəki təlim zamanı da dünyanın qaynar bölgələrindəki iş təcrübəsini bölüşüb.
Rusiyalı fotomüxbirin çəkdiyi şəkillər dünyanın nüfuzlu KİV-lərində dərc edilib, dəfələrlə də həftənin, ayın fotosu adına layiq görülüb.