“Ədəbiyyatsız millət olmaz, ədəbiyyat ruhun işığıdır”.
“Report” xəbər verir ki, bu sözləri Xalq şairi, yazıçı, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Report Media Məktəbinin tələbələri ilə görüşdə deyib.
Xalq şairi bildirib ki, əvvəllər qızlara kitab cehiz kimi verilirdi.
“Bu gün ailədə uşağa kitab sevdirmək ənənəsi yoxdur. Evində kitab olmayan minlərlə ailə var. Bizim kənddə ilk kitab şkafını öz əlimlə düzəltmişdim. Kənd camaatı gəlib kitablardan götürüb oxuyurdu. Hər dəfə də anam bərk-bərk tapşırırdı ki, siz Allah, oxuduqdan sonra geri qaytarın”, – S. Rüstəmxanlı deyib.
S.Rüstəmxanlı media ilə bağlı xatirələrini də bölüşüb:
“4 il yarım Mətbuat və İnformasiya naziri kimi çalışmışam. Yeni yaranan qəzetlərə dəstək olurdum. O vaxt bir qəzetə lisenziya verməli idik. Soruşdular ki, qəzetə nə ad verək. Dedim, lisenziya nömrəsi neçədir? Dedilər 525. Güldüm, dedim adı da olsun “525-ci qəzet”. Beləliklə “525-ci qəzet” yarandı”.
Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilib.
1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan “Azərbaycan”ın ilk baş redaktoru olub. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən parlamentə deputat seçilərək Müstəqil Azərbaycan Demokratik Bloku fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri olub.
1991–1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra edib. 1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis edərək bu günədək partiyanın sədridir. Milli məclisin 5 çağırış deputatı olub. “Cavad xan” filminin ssenari, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Ömür kitabı”, “Atamın ruhu”, “Bu sənin xalqındır”, “Xətai yurdu”, “Göy Tanrı”, “Dərdə əyilmə”, “Difai fədailəri”, “Astar” kitablarının müəllifidir.