Milli Məclisin sədri Sahibə Qafarova Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer A. Martinez Berroteran ilə görüşüb.
Parlamentdən "Report"a verilən məlumata görə, S.Qafarova qonağı səmimi salamlayaraq iki ölkə arasında coğrafi məsafənin böyük olmasına baxmayaraq, dostluq münasibətlərimizin inkişaf etdiyini söyləyib.
İki ölkə arasında diplomatik əlaqələrin qurulması bu əlaqələrin inkişafı üçün əlverişli şərait yaradıb. Yüksək səviyyəli səfərlər, aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər tərəflərin əməkdaşlığı genişləndirmək barədə xoş niyyətindən xəbər verir. Siyasi əlaqələrin inkişafı iqtisadiyyatda: sərmayə qoyuluşunda, energetika, nəqliyyat sektorunda, elm, təhsil, ətraf mühitin qorunması kimi sahələrdə əməkdaşlıq üçün mövcud potensialdan istifadə olunmasına şərait yaradır.
Sədr deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Venesuelanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi dost münasibəti kimi dəyərləndirilir. Spiker bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı ölkəmiz öz torpaqlarını erməni işğalından azad edərək, ərazi bütövlüyünü bərpa etməyə nail oldu: "İnanırıq ki, ölkəmizin bu qələbəsi bütün dostlarımız kimi Venesuela xalqını da sevindirib".
Səmimi qəbul üçün təşəkkür edən Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez Berroteran ölkəsinin Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb.
O, parlament diplomatiyasının inkişafında Milli Məclisin rolunu yüksək qiymətləndirərək, Azərbaycan parlamentinin fəaliyyəti ilə yaxından maraqlandığını bildirib. Qeyd edilib ki, hər iki ölkə parlamentləri arasında münasibətlərin inkişafı ümumi mənafelərə cavab verər. Bu baxımdan dostluq qruplarının yaradılması məqsədəmüvafiq sayıla bilər. Qonaq Venesuela parlamentinin fəaliyyəti barədə Sədrə ətraflı məlumat verərək, mütəmadi görüşlərin əhəmiyyətini vurğulayıb.
Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bir daha bəyan edərək, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar noyabrın 10-da imzalanmış üçtərəfli Sazişi diplomatiyanın uğuru kimi dəyərləndirib.
Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri, COVİD-19 pandemiyasına qarşı mübarizə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.