“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik edilir.
Bunu “Report”un sorğusuna cavab olaraq parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.
Onun sözlərinə görə, sənədə dəyişiklik layihəsi icbari tibbi sığorta ilə əhatə olunmayan və dövlət tibb müəssisələri üzrə əhaliyə ödənişli əsaslarla göstərilən tibb xidmətlərinin tariflərinin təsdiq edilməsi ilə bağlıdır: “Bəzi tibbi xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir. Ancaq bəzi insanlar icbari tibbi sığorta ilə əhatə olunmayıblar. Həmin şəxslərin dövlət və ya özəl tibb müəssisələrində öz vəsaitləri hesabına müalicə olunmaq hüququ var. Dəyişikliyin məqsədi həmin xidmətlərin tariflərinin müəyyən olunması ilə bağlıdır. Milli Məclisdə qanuna dəyişiklik layihəsi qəbul olunduqdan sonra İcbari Tibbi Sığorta Agentliyi tarifləri müəyyənləşdirəcək”.