“Azərbaycanda səhiyyənin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması dövlətin xüsusi önəm verdiyi prioritet sahələrdən biridir. Bu gün ölkənin bir çox rayonlarında yüksək standartlara cavab verən xəstəxanalar qurulub. Gənc həkimlərimizə təcrübələrini, biliklərini artırmaq üçün Avropanın inkişaf etmiş ölkələrində təhsillərini davam etdirmək imkanı yaradılıb. Bu gün tibbi təhsilin inkişafı, müasir dünya standartlarına uyğunlaşdırılması, yaradılan tibb müəssisələrinin yeni reallıqları nəzərə almaqla, peşəkar mütəxəssislərlə təmin olunması qarşımızda duran əsas vəzifələrdəndir. Çünki müasir tipli xəstəxanalarda keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün yüksək səviyyəli peşəkarlara ehtiyac yaranır”.
“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat Soltan Məmmədov deyib.
Deputat 44 günlük Vətən müharibəsi zamanı cəbhəyanı bölgələrdə fəaliyyət göstərən xəstəxanaların əhəmiyyətini və bu xəstəxanalarda çalışan tibb işçilərinin fədakarlığını xüsusi vurğulayıb:
“Bir çox cəbhəyanı rayonlarda müasir tələblərə cavab verən xəstəxanalarımız olması yaralı əsgərlərimizin müalicəsi üçün böyük imkanlar yaratdı. Bu xəstəxanalarda çox çətin cərahiyyə əməliyyatları zəruri avadanlıqların olması, yüksək səviyyəli mütəxəssislərimizin sayəsində uğurla həyata keçirilirdi. Qeyd edim ki, dövlət və özəl tibb müəssisələrində çalşan onlarla mütəxəssis yüksək vətənpərvərlik nümunəsi göstərərək, könüllü olaraq, yaralı əsgərlərimizə xidmət göstərən xəstəxanalarda fəaliyyətlərini davam etdirdilər.
Bu gün bütün bəşəriyyət üçün bəlaya çevrilmiş COVİD-19 pandemiyası ilə mübarizədə ölkəmiz də ciddi problemlərlə üzləşib. Həkimlərimizin fədakarlığı, vətəndaşlarımızın hökumətimizin həyata keçirdiyi siyasətə dəstək olması nəticəsində vəziyyət düzgün idarə olunur”.
S.Məmmədov hesab edir ki, dövlətin səhiyyə siyasətini həyata keçirən qurum kimi Səhiyyə Nazirliyi, icbari tibbi sığortanın tətbiqini təmin edən Dövlət Agentliyi və tibbi xidmətlərin təşkilinə məsul TƏBİB-in birgə səyləri səhiyyə sahəsində qarşıda duran bütün vəzifələri uğurla icra etməyə imkan yaradacaq:
“Həmkarlarımı bu həssas mövzuya toxunarkən dəqiq məlumatlara əsaslanmağa, əhalidə etimadsızlıq yaradan ittihamlardan çəkinməyə çağırıram”.