Estoniya deputatları Azərbaycanın Zəfər Günü münasibətilə bəyanat yayıblar.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Estoniya Riigikoqundakı (parlamentindəki) Estoniya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun sədri Sven Sester Milli Məclisə təbrik məktubu göndərib. O, məktubunda 8 Noyabr–Zəfər Günü münasibəti ilə bəyanat qəbul etdiklərini bildirib.
Bəyanatda Azərbaycanla Ermənistan arasında hərbi münaqişənin sona çatmasının birinci ildönümünün tamamlanmasından sevinc ifadə edilir, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin qüvvəyə minməsi alqışlanır. Estoniya parlamentarlarının münaqişədə həlak olanları yad etdikləri, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verdikləri qeyd olunur.
Bəyanatı imzalayan Estoniya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun üzvləri regiondakı bütün ölkələrin suverenlik və ərazi bütövlüyü hüququnun, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qorumaq hüququnun olduğunu etiraf edir, regionun yenidən qurulmasında bütün tərəflərə uğurlar arzulayır və icmaları sıx əməkdaşlığa çağırırlar.
Eston deputatlar azad edilmiş ərazilərdə möhkəm sülhün təmin edilməsində, inteqrasiyasında və tərəqqisində Azərbaycan Respublikasına dəstəklərini bəyan ediblər.