Hesablama Palatası Mərkəzi Seçki Komissiyasının (MSK) 2020-ci il üzrə maliyyə əməliyyatları və hesabatlarının auditinin nəticələrini açıqlayıb.
“Report”un xəbərinə görə, bu barədə “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.
Aparılmış Kənar Dövlət Maliyyə Nəzarəti (KDMN) tədbiri nəticəsində müəyyən edilib ki, dövlət qulluğuna qəbul üzrə imtahanından və müsahibədən ibarət olmaqla müsabiqə əsasında və "Dövlət qulluğu haqqında" qanunun tələblərinə uyğun həyata keçirilməli olduğu halda, 50 nəfər işçi dövlət qulluğunun inzibati vəzifələrinə birbaşa təyin edilməklə dövlət qulluqçusu kimi işə qəbul olunub və onlara əməkhaqqı ilə yanaşı dövlət qulluqçuları üçün nəzərdə tutulmuş əlavələr ödənilib.
Qeyd olunan hal və dövlət qulluğuna qəbul qaydalarının pozulmasının dövlətin kadr potensialına mənfi təsir riski nəzərə alınaraq, göstərilən qaydada işə qəbul edilmiş şəxslərin hüquqi statusunun "Dövlət qulluğu haqqında" qanuna uyğunluğu ilə bağlı yaranmış məsələnin qiymətləndirilməsi üçün Milli Məclisə, Dövlət Qulluğunu İdarəetmə Şurasına və Dövlət İmtahan Mərkəzinə təkliflər göndərilib.
Bundan əlavə, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işə götürənə elektron qaydada məlumat göndərilməsindən sonra əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi halda va eyni zamanda əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi ilə bağlı əmək müqavilələri barədə məlumatların müvafiq olaraq elektron informasiya sistemində qeydiyyata alınması üçün təqdim edilmədiyi halda 877 nəfər işə qəbul olunub.