“Dünyanın on ölkəsindən vətəndaşlar Azərbaycana vizasız gələ bilirlər”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında “Turizm haqqında”qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda beynəlxalq səviyyəli hava limanları olsa da, onlardan səmərəli istifadə edilmir: “Hazırda qüvvədə olan “Turizm haqqında” qanun standartlara cavab vermir. Onun üçün yeni qanun layihəsi hazırlanıb”.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, Azərbaycanda turizmin inkişafına Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət göstərilir:
"Hotellərin təqdim etdiyi xidmətlərin keyfiyyətində problemlər müşahidə edilir. Yeni qanun turizm sektorunda davamlı inkişaf üçün imkanlar yaradır".
Agentlik sədri yeni qanun layihəsinin əsas məqsədinin bütövlükdə ölkədə turizmin dayanıqlı inkişafını təmin etmək, beynəlxalq turizm bazarında Azərbaycanın etibarlı və cəlbedici imicini formalaşdırmaq və rəqabət qabiliyyətini artırmaq olduğunu qeyd edib. Fuad Nağıyev qanun layihəsində bir çox məqamların turizm sənayesinin fəaliyyətini stimullaşdırmaq və asanlaşdırmaq məqsədli olduğunu vurğulayıb.