“Ermənistanda post-müharibə sindromunun dərinləşməsi müşahidə olunur. Bu ölkədə sosial və iqtisadi tənəzzül, əhalinin sosial vəziyyətinin daha da ağırlaşmasına səbəb olub”.
"Report" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
“Aydın görünür ki, Paşinyan hökumətinin 44 günlük Vətən Müharibəsinin ağır nəticələri ilə mübarizəsi nəticə vermir. Siyasi mübarizənin kəskinləşməsi, Paşinyan hakimiyyətinin daxildə ciddi təzyiqlərə məruz qalması fonunda cinayətkar Köçəryan-Sarkisyan klanının hakimiyyəti ələ keçirmək üçün revanşist əməlləri və planları müşahidə olunmaqdadır. Döyüş meydanında ağır məğlubiyyətdən sonra istefaya göndərilən məmurların yerinə təyin olunanlar isə faktiki yerində deyil”, - deyə o qeyd edib.
Könül Nurullayeva vurğulayıb ki, xüsusən yeni müdafiə nazirinin cəmiyyət arasına çıxıb öz planlarını hələ də açıqlamaması böyük narazılıq yaradıb: “Müharibədə ölən erməni hərbçilərin sayının gizlədilməsi də narazılığı daha da artırır. Ermənistan mətbuatının 2020-ci il dekabrın 30-da Ermənistan Müdafiə Nazirliyinə ölmüş, itkin düşmüş, yaralanmış və əsir götürülmüş erməni hərbi qulluqçuların sayı ilə bağlı yazılı sorğusuna müsbət cavab almaması və məlumatın dərc olunmasını “məqsədəuyğun” bilməməsi əsəbləri tarıma çəkib.
Ümumiyyətlə, erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, yeni təyinatlar uğursuzdur və post-müharibə dövrü Ermənistan üçün hələ uzun müddət acınacaqlı şəkildə davam edəcək. Paşinyan hökuməti ağır məğlubiyyətə haqq qazandırmaq və baş verənlərin bu və ya digər şəkildə cəmiyyət tərəfindən qəbul olunmasına çalışır. 44 günlük müharibəni bu vaxta qədər heç bir müharibə ilə müqayisə etməyin mümkün olmadığını dərk edən erməni cəmiyyəti Paşinyanın da bu reallığı etiraf etməsini istəyir. Lakin Paşinyan hələ də özünümüdafiə mövqeyindən əl çəkmək istəmir. Bu isə gərginliyi daha da artırır”.