Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Latviyanın Azərbaycandakı səfiri Dainis Qarancs və Estoniya səfirliyinin Bakı ofisinin rəhbəri Andrey Valentinov ilə görüşüb.
Milli Məclisdən "Report"a verilən məlumata görə, iki ölkə arasındakı tarixi bağlara toxunan komitə sədri Baltikyanı ölkələrin parlamentarları ilə daha sıx əlaqələrin qurulması, qarşılıqlı rəsmi səfərlərin təşkili, informasiya mübadiləsinin intensivləşdirilməsi, ikitərəfli dialoqun canlandırılması vacibliyini diplomatların nəzərinə çatdırıb. Latviyalı və estoniyalı həmkarları ilə beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Parlamentində əməkdaşlıq əlaqələrimizdən söz açıb.
Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini, bölgədə yeni reallıqların yarandığını qeyd edən Səməd Seyidov bəzi Avropa dövlətlərinin mövcud reallığı görməzdən gəldiyini, sərhədlərin demarkasiyası məsələsində Ermənistanın təxribatçı bəyanatlarına uyaraq obyektivlikdən uzaq mövqe sərgilədiyini vurğulayıb.
Görüşdə Latviyanın Azərbaycandakı səfiri Dainis Qarancs parlamentlər səviyyəsində əməkdaşlığı çox yüksək qiymətləndirdiklərini bildirib. Pandemiya şəraitinə baxmayaraq, Latviya ilə Azərbaycan arasında münasibətlərin, o cümlədən ticarət dövriyyəsinin davam etdiyini vurğulayıb. Qarşıdakı aylarda Latviya deputatlarının Azərbaycana planlaşdırılan səfəri və digər məsələlər barədə məlumat verib.
Söhbət əsnasında Ermənistanın işğal illərində Azərbaycan torpaqlarında törətmiş olduğu dağıntıları öz gözü ilə gördüyünü təsdiqləyən səfir Dainis Qarancs bildirib ki, Azərbaycanın bölgədə sülhü və sabitliyi qorumaq əzmindən çox məmnundurlar.
Görüşdə iştirak edən Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova və Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair fikirlərini bölüşüblər. Avropada Azərbaycan həqiqətlərinin yayılması, bölgədəki vəziyyətlə bağlı obyektiv durumu əks etdirən məlumatların lazımi instansiyalara çatdırılmasının vacibliyi bildirilib. Qonaqların nəzərinə çatdırılıb ki, ölkəmiz dünyada və bölgədə sülh istəyir. Azərbaycanla normal əlaqələrin qurulması Ermənistanın özünün də xeyrinə olacaq.
Sonra çıxış edən Estoniya səfirliyinin Bakı ofisinin rəhbəri Andrey Valentinov bu görüşü çox maraqlı və faydalı görüş kimi dəyərləndirib. Parlamentlərimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin gələcəyinə dair fikirlərini bölüşüb.