Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib.
"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin qərar layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.
Parlamentin bu gün keçirilən plenar iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, məsələ barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
O bildirib ki, komitənin ötən gün keçirilən iclasında Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi ilə bağlı Prezidentin təqdimatı deputatlar tərəfindən müsbət qarşılanıb.
Qeyd edək ki, E.Rüstəmov hazırda Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin üzvü və sədridir. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də AMB sədrliyindən də azad olunacaq.
Xatırladaq ki, bu il 70 yaşı tamam olacaq E.Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri idi.