Milli Məclisin deputatı Aydın Mirzəzadə Paraqvay Milli Senatının senatoru Xuan Bortolome Ramires Brizuelaya təşəkkür məktubu yazıb.
"Report"un xəbərinə görə, məktubda deyilir:
"Sizin bu günlərdə Azərbaycanın “Report” İnformasiya Agentliyi vasitəsilə Azərbaycanın öz ərazi bütövlüyünə verdiyiniz siyasi dəstək və Ermənistanın Azərbaycanın Gəncə şəhərində dinc əhaliyə qarşı törətdiyi raket hücumunu pisləməniz Azərbaycan xalqı tərəfindən çox razılıqla qarşılandı.
Bir deputat, bir azərbaycanlı olaraq Sizə bu obyektiv mövqeyinizə görə öz dərin təşəkkürümü bildirirəm.
Ermənistan ötən əsrin 90-cı illərində SSRİ dağılan dövrdə Azərbaycandakı mürəkkəb daxili vəziyyətdən istifadə edərək ölkəmizin 20 faiz torpağını işğal etdi və orada oyuncaq rejim yaratdı. İşğal edilmiş torpaqlardan 1,2 milyon azərbaycanlı qovuldu. Həmin dövrdə o bir gecədə kiçik Xocalı şəhərində silahsız 613 nəfər insanı qətlə yetirdi. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i qoca insan idi. Xocalıdan 8 ailə isə tamamilə məhv edildi.
Həmin hadisə dünya tarixinə Xocalı qətliamı kimi düşdü və bu gün onun adı Xolokost, Xatın, Sonqmi və Srebrinitsa qətliamları ilə yanaşı çəkilir.
Ötən 30 il müddət ərzində ATƏT-in Minsk qrupu çərçivəsində problemin diplomatik yolla həllinə çalışılsa da Ermənistan indiyə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir. Bu azmış kimi o daima cəbhəyanı xətt boyunca mülki obyektlərə qarşı hərbi təxribatlar törədir, dağıdıcı silahlardan atılan atəşlə dinc əhalinin evlərini dağıdır.
Bu ilin sentyabrın 27-də Azərbaycan Ermənistan tərəfindən növbəti hərbi provokasıyanı dəf edərək, əks hücuma keçdi və artıq ötən müddətdə 3 bölgə mərkəzini və 150-dən çox yaşayış məntəqəsini işğaldan azad etməyə nail olub.
İşğalçı Ermənistan döyüş bölgəsində gücünü göstərmək əvəzinə cəbhə xətindən uzaq olan Azərbaycan yaşayış məntəqələrini atəşə tutur. Bu hücumlardan indiyə qədər 65 nəfər dinc sakin həlak olmuş, 297 nəfər yaralanmış, 2200-dən artıq ev dağıdılmışdır.
Bu ilin 5 və 17 oktyabr tarixlərində Ermənistan gecə vaxtı Azərbaycanın Gəncə şəhərinə (335,6 min əhali) ballistik raket hücumları həyata keçirib. Nəticədə 26 mülki şəxs həlak olmuş, 161 nəfər yaralanmış, 4 uşaq hər iki valideynini itirmişdi.
Sizin Azərbaycanın haqq işinə, ürəkağrıdıcı Gəncə faciəsinə həssaslıqla yanaşmanız Paraqvay cəmiyyətində hüququn, ədalətin və insanlıq dəyələrinin yüksək oduğunu göstərir. Azərbaycanda Paraqvayı böyük tarixi və zəngin mədəniyyəti, dünya sivilizasiyasına Xosefina Plo kimi şairə, Auqusto Roa Bastos kimi yazıçı və Aqustin Pio Barrios (Manqore) kimi qitarist və bəstəkar vermis bir ölkə kimi tanıyırlar.
Sizi sizin üçün münasib vaxtda Azərbaycana dostluq səfərinə dəvət edirəm. İnanıram bu səfər Sizdə xoş xatirələr yaradacaq.
Eyni zamanda Sizi Paraqvay Senatında Azərbaycanla dostluq qrupunun rəhbəri kimi görmək istərdim".