Dövlət peşə məktəblərində ödənişli oxuyanlara da təqaüd veriləcək

Dövlət peşə məktəblərində ödənişli oxuyanlara da təqaüd veriləcək Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.
Milli Məclis
18 Aprel , 2022 18:26
Dövlət peşə məktəblərində ödənişli oxuyanlara da təqaüd veriləcək

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

"Report"un xəbərinə görə, iclası açan Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə birinci oxunuşda olan üç qanun layihəsi daxil edilib.

Gündəliyin təsdiqindən sonra komitə sədri “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə məlumat verib. O, qeyd edib ki, mövcud qanunvericilikdə peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsilalanlara təqaüdün verilməsi nəzərdə tutulub. Təklif olunan dəyişiklikdə isə dövlət peşə təhsili müəssisələrində təhsialanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdün təyin edilməsi təklif olunub.

Bəxtiyar Əliyev bildirib ki, peşə təhsilinin təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın genişləndirilməsi üçün geniş islahatlar həyata keçirilir. Bu dəyişiklik də Azərbaycan Respublikası Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamına uyğun hazırlanıb.

Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, komitə üzvləri Kamilə Əliyeva, Ceyhun Məmmədov, Etibar Əliyev, Aqiyə Naxçıvanlı, Eldar Quliyev, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsinin müzakirəsində çıxış ediblər, fikirlərini bildiriblər.

Deputatlar təklif olunan dəyişikliyi peşə təhsilinə marağın artırılması, bu sahədə əlçatanlığın genişlənməsi və bərabər imkanların yaradılması baxımından yüksək qiymətləndiriblər. Onlar peşə təhsili məzunlarının işlə təmini, peşə təhsili müəssisələrinin orta məktəblərlə sıx əlaqələrin qurulması kimi məsələlərlə bağlı rəylərini, təkliflərini səsləndiriblər.

Deputatlar qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Sonra komitə sədri gündəliyin 2-ci və 3-cü məsələsi olan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) bir-biri ilə bağlı olduğunu diqqətə çatdırıb.

Bildirib ki, “Ümumi təhsil haqqında” Qanunun “Əsas anlayışlar” adlanan birinci maddəsinə “inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifi əlavə edilib. 4.0.29-cu maddəsində “pedaqoji işçi” termininin “müəllimlər” sözü ilə əvəz edilməsi təklif olunub.

Qanunun 12-ci maddəsinə irəli sürülən dəyişiklikdə isə ümumi təhsil müəssisələrinin yeni təsnifatı təklif olunub.

Sonra komitə sədri məlumat verib ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində ümumi təhsil müəssisələrinin növlərinin yeni redaksiyasına uyğun olaraq “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanununun 7.0-cı maddəsində və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.2-ci maddəsində də dəyişikliklər edilməsi təklif olunub.

Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqlarının təmini ilə bağlı görülən tədbirlərdən, qəbul edilən qanun, sərəncam və dövlət proqramlarından bəhs edən Bəxtiyar Əliyev sağlamlıq imkanları məhdud uşaqların mövcud təhsil təminatından istifadə imkanları barədə bəzi göstəricilərə nəzər salıb. O, ölkəmizdə inklüziv təhsilin tətbiqi ilə bağlı təşəbbüsləri, xüsusən də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri, sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində gördüyü məqsədyönlü işlərin əhəmiyyətindən danışıb.

Sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməyin əhəmiyyətini vurğulayan komitə sədri qanunvericiliyə təklif edilən bu dəyişikliklərin də onların təhsili üçün maneəsiz mühit yaratmağa xidmət etdiyini bildirib.

Qanun layihələrinin müzakirələrində deputatlar Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Etibar Əliyev və Kamilə Əliyeva inklüziv təhsildə maddi-texniki, kadr hazırlığının vəziyyəti, yeni yanaşmaların tətbiqi, həmçinin təhsilin bir sıra aktual məsələləri ilə bağlı fikirlərini açıqlayıblar. “Ümumi təhsil haqqında” Qanuna təklif olunan 1.0.44 maddəsində “inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifi ilə əlaqədar rəylərini səsləndiriblər. Deputatlar təklif edilən dəyişikliklərin sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqlarının təmin edilməsini, təhsilə əlçatanlığını genişləndirəcəyini bildiriblər.

Müzakirələrə yekun vuran Bəxtiyar Əliyev deputatların qaldırdığı məsələlərə münasibət bildirəndən sonra komitə üzvləri hər iki qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Bununla da Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin yaz sessiyasında növbəti iclası başa çatıb.

Son xəbərlər

Orphus sistemi