Bu il martın 23-də Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı-Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin AP tərəfdən həmsədri Marina Kalyurand, AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko və AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev tərəfindən Birgə Bəyanat verilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a bildirilib ki, bu sənədlə əlaqədar Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Bəyanatla çıxış edib.
Cavanşir Feyziyev verdiyi Bəyanatda bildirir ki, Azərbaycanda erməni əsirləri ilə pis rəftar edilməsi ilə bağlı “Human Rights Watch” (HRW) təşkilatının əsassız iddialarını özündə əks etdirən birgə sənəd AP (Avropa Parlamenti) üzvlərinin real vəziyyətlə tanış olmaq əvəzinə bəzi təsisatların qərəzli mövqeyini səsləndirməyə üstünlük verdiklərini nümayiş etdirir. Bu kimi əsassız bəyanatla çıxış etmədən öncə AP məruzəçilərinin mövcud əməkdaşlıq platformalarından istifadə etməklə sözügedən iddialarla bağlı Azərbaycanlı həmkarlarından məlumat əldə etmələri daha məntiqli olardı:
"Birgə Bəyanatı imzalamış AP üzvlərinin diqqətinə çatdırırıq ki, Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun rəftar edilib. Onlara lazımi tibbi yardım göstərilib və saxlanıldıqları müddətdə tibbi müayinədən keçiriliblər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri 2020-ci ilin oktyabrından etibarən bütün erməni əsirlərə müntəzəm olaraq baş çəkib və nəhayət, bütün hərbi əsirlər 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müvafiq müddəasına uyğun olaraq Ermənistana qaytarılıblar.
Üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən təxribat və terror fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Azərbaycan ərazisinə göndərilən və Azərbaycan tərəfindən saxlanılan erməni sabotaj qrupunun üzvləri isə hərbi əsirlər hesab oluna bilməz və onlar Azərbaycan Respublikasının Cinayət məcəlləsinə görə məsuliyyət daşıyırlar. Saxlanılan bu şəxslərlə də beynəlxalq insan haqları və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə davranılır.
Birgə Bəyanatda Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin aralıq tədbirləri üzrə öhdəlikləri çərçivəsində müvafiq addımlar atmaması barədə yer alan iddianı da əsassız hesab edirik".
Cavanşir Feyziyev təəssüflə qeyd edib ki, Bəyanat müəllifləri məsələnin təfərrüatlarını tam araşdırmadan belə bir iddia səsləndiriblər. Belə ki, Azərbaycan öz öhdəliklərinə sadiq olaraq, vətəndaşlarımıza qarşı güc istifadə etməkdə və terror əməlləri həyata keçirməkdə ittiham olunan şəxslərin saxlanma vəziyyəti və sağlamlığı haqqında müvafiq məlumatları aralıq tədbirlər mexanizmi çərçivəsində AİHM-nə təqdim edib.
Beynəlxalq humanitar hüquqa riayət olunması mövqeyindən çıxış etdiklərini iddia edən və HRW təşkilatının qərəzli və əsassız arqumentlərə əsaslanan “hesabatı”na istinad edərək Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edən AP üzvlərinin diqqətinə çatdırmaq istərdik ki, hələ birinci Qarabağ müharibəsi zamanı 4 000-dək azərbaycanlı döyüş bölgələrində itkin düşüb. Lakin bu günədək nə Avropa Parlamenti, nə də digər Avropa qurumları erməni əsirliyində saxlanan Azərbaycanlıların taleyi ilə maraqlanıblar:
"Təəssüf edirik ki, 30 ilə yaxın erməni işğalı altında qalmış Azərbaycan ərazilərinin geniş miqyasda minalanması və torpaqların işğaldan azad edilməsindən sonra Ermənistanın hələ də mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi də AP məruzəçilərini narahat etmir. AP məruzəçilərinin diqqətinə çatdırmaq istərdik ki, Üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatlara son verildiyi vaxtdan bu günədək azad olunmuş ərazilərdə mina partlayışları 20 insanın həyatına son qoyub, 80 nəfər isə ciddi xəsarət alıb".
Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Bəyanatında bildirib ki, müharibədən sonrakı təmaslarımız zamanı AP-də təmsil olunan həmkarlarımız real vəziyyətlə yerində tanış olmaq üçün dəfələrlə Azərbaycana dəvət olunublar. Buna baxmayaraq AP üzvlərinin regiona səfər etmədən, həqiqətləri öyrənmədən və erməni mənbələrindən qidalanan saxta məlumatlara əsaslanaraq qərəzli mövqe sərgiləməsi təəssüf doğurur və Azərbaycan cəmiyyətində Avropa Parlamentinə olan etimadı sarsıdır.