Milli Məclisin (MM) deputatları dünən - avqustun 31-də tətildən qayıdıblar. Parlamentin payız sessiyasında komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq. Milli Məclisin payız sessiyasının ilk plenar iclası isə sentyabrın 30-da keçiriləcək. Payız sessiyası dekabrın 30-dək davam edəcək.
Maraqlıdır, payız sessiyasında Milii Məclisdə hansı qanun layihələri müzakirə olunacaq? Hansı məsələlər ətrafında ictimai dinləmələr keçiriləcək?
“Report”un əməkdaşı bu sualla parlamentin bir neçə komitə sədrinə müraciət edib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Report”a açıqlamasında deyib ki, iki yeni qanun layihəsi payız sessiyasında müzakirəyə çıxarılacaq:
“Payız sessiyasında “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsini hazırlamağı düşünürük. İndiki şəraitdə hesab edirəm ki, bu, çox vacib bir qanun layihəsidir. Xüsusilə də Heydər Əliyev Fondunun bu sahədə kifayət qədər təcrübəsi var. Biz bunun qanunvericilik əsaslarını da yarada bilərik. Sessiya çərçivəsində həmçinin yarımçıq qalan “Turizm haqqında” qanun layihəsinin üzərində də müvafiq icra hakimiyyəti ilə birgə işlər aparılacaq”.
Komitə sədri bildirib ki, payız sessiyasında bir neçə məsələ üzrə dinləmələr keçiriləcək:
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası ilə bağlı dinləmə keçirəcəyik. Sosial sığorta ilə bağlı da dinləmə keçirməyi planlaşdırırıq. Həmin dinləmə zamanı xüsusilə kənd yerində yaşayan və pay torpağı olan insanların da sosial sığortaya cəlb olunması şərtlərinin yumşaldılması ilə bağlı məsələlər müzakirə ediləcək. Digər dinləmə isə məşğulluq məsələsi ilə bağlı keçiriləcək. Burada qeyri-leqal məşğulluğun aradan qaldırılması yolları araşdırılacaq. Leqal məşğulluğun təmin edilməsi, gənclərin əsasən məşğulluq istiqamətində peşə təlimlərinə cəlb edilməsi məsələsi əsas müzakirə mövzusu olacaq”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bildirib ki, payız sessiyasında bir neçə məsələ müzakirəyə çıxarılacaq:
“Belə ki, keçən sessiyadan qalan “Lombardlar haqqında” qanun layihəsini müzakirəyə çıxarmağı planlaşdırırıq. Bundan əlavə, kabel və internet televiziyasının tənzimlənməsi ilə bağlı qanun layihəsini qəbul etməyi də nəzərdə tuturuq. Eyni zamanda qarşıdakı dövr ərzində 2021-ci ilin dövlət büdcəsi layihəsinin qəbul olunması da gözlənilir. Bu, yaxın aylarda olacaq.
Komitə sədri bir neçə məsələ ilə bağlı ictimai dinləmələrin də keçiriləcəyini diqqətə çatdırıb:
“Belə ki, innovativ sahibkarlığın dəstəklənməsi, sosial sahibkarlıqla bağlı qanun layihəsinin araşdırılması, sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, informasiya təhlükəsizliyi ilə bağlı qanun layihəsinin hazırlanması üçün araşdırmalar aparılacaq. Hesab edirəm ki, bu məsələlərin effekt verməsi üçün daha çox araşdırmalar aparılmalıdır. Çünki qanun qəbul etməklə yanaşı, onun icrasını da təmin etmək lazımdır. Eyni zamanda bu gün iqtisadi cəhətdən insanları narahat edən məsələlərlə bağlı məsləhətləşmələri, ictimai dinləmələri aparmağı düşünürük”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq ötən sessiya ərzində bir neçə sənədin müzakirəsi təxirə salınmışdı:
”Ötən sessiyada qanunverici işlər planına daxil edilən “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi müzakirəyə çıxarılmayıb. Həmin sənədə payız sessiyasında müzakirə edəcəyik. Bundan əlavə, aqrar sektor, kənd təsərrüfatı ilə əlaqədar məsələlərə baxacağıq”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib ki, rəhbərlik etdiyi komitəyə deputatlardan bir neçə təkliflər daxil olub:
“Sentyabrın 15-dən sonra komitə iclasının keçirilməsini nəzərdə tuturuq. Həmin iclasda bir sıra təkliflərə baxılacaq, komitənin hesabatı dinləniləcək. Deputatların təkliflərini nəzərə alındıqdan sonra hansı məsələlərin komitənin gündəliyinə salınması ilə bağlı qərar qəbul ediləcək”.