Son günlər ölkəmizdə koronavirusa yoluxanların sayı kəskin artıb. Virusa yoluxanlar arasında sıravi vətəndaşlarımızla yanaşı, yüksək vəzifəli şəxslər, deputatlar da var. Hətta parlamentin sonuncu iki plenar iclasında (noyabrın 20-də və 26-da) Milli Məclisin bir neçə deputatı COVID-19-a yoluxduğundan iclasda iştirak etməyib.
Bir müddət əvvəl pandemiya ilə bağlı vəziyyəti nəzərə alaraq Milli Məclisinin Daxili Nizamnaməsinə dəyişikliklər etmişdi. Həmin dəyişikliklərə əsasən, karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin, Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edə bilər. Videokonfrans sistemi vasitəsi ilə keçirilən iclaslarda səsvermə ilə bərabər, həm də qeydiyyat deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.
Maraqlıdır, hazırki şəraitdə parlamentin plenar iclasları onlayn qaydada keçirilə bilərmi?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Report”a açıqlamasında deputatlar arasında koronavirusa yoluxanların olduğunu xatırladıb.
O bildirib ki, ancaq deputatlar arasında COVID-19-a yoluxanların sayı çox deyil:
“Ona görə hesab edirəm ki, Milli Məclisin plenar iclaslarını hələ ki, normal qaydada keçirmək lazımdır. Ancaq yoluxma halları artarsa, plenar iclasları onlayn qaydada keçirə bilərik. Bunun üçün hər hansı bir problem yoxdur. Onlayn iclasların keçirilməsi ilə bağlı təcrübə var. Çünki parlamentin komitə iclasları onlayn qaydada təşkil olunub”.
Deputat bildirib ki, Azərbaycanda günü-gündən koronavirusa yoluxma sayında artım müşahidə olunur:
“Bu da yaxşı hal deyil. Ona görə də insanlarımız diqqətli olmalıdır və qoyulan qaydalara əməl etməlidir”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı da “Report”a açıqlamasında deyib ki, ölkə ərazisində COVID-19-a yoluxanların sayı çoxalır:
“Təəssüflər olsun ki, Milli Məclisin deputatları içərisindən də koronavirusa yoluxanlar var. Artıq heç birimiz lənətə gəlmiş virusdan sığortalanmamışıq. Ona görə də fərqli bir yanaşma olmalıdır”.
Onun sözlərinə görə, bir müddət əvvəl parlamentin komitə iclasları onlayn qaydada keçirilirdi:
“Düşünürəm ki, ona qayıtmaq lazımdır. Ancaq plenar iclasların onlayn qaydada keçirilməsi ilə bağlı konkret fikir söyləyə bilmərəm. Təbii ki, bunun üçün texniki imkanlar nəzərə alınmalıdır. Bütün bunlar haqqında yəqin ki, rəhbərlik səviyyəsində də araşdırmalar gedir. Məncə bununla bağlı yaxın günlərdə konkret fikir ortalıqda olacaq”.