Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, Milli Məclisin sədrini Gürcüstanda salamlamaqdan məmnunluğunu bildirən Prezident Salome Zurabişvili belə səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb.
Qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin rolunu xüsusi qeyd edən Gürcüstanın dövlət başçısı parlamentlər arasındakı sıx münasibətlərin qurulmasına görə təşəkkürünü bildirib. O, Gürcüstanın və Azərbaycanın hər zaman beynəlxalq müstəvidə bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edib.
Söhbət zamanı xanım Salome Zurabişvili diasporların fəaliyyəti barədə fikirlərini bölüşüb, Azərbaycana sülh və sabitlik arzularını ifadə edib.
S.Qafarova nümayəndə heyətinə göstərilən qonaqpərvər münasibətə görə təşəkkürünü bildirib. Spiker qeyd edib ki, qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Müstəqillik dövründə isə bu əlaqələrimiz daha da inkişaf edib və bu il biz diplomatik əlaqələrimizin qurulmasının 30-cu ildönümünü qeyd edəcəyik.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu dostluq münasibətləri bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən illər ərzində Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradır.
Sahibə Qafarova iki qonşu və dost ölkə arasında İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusi qeyd edib. Bildirib ki, Gürcüstan Azərbaycanın həyata keçirdiyi nəhəng beynəlxalq layihələrin fəal iştirakçısıdır.
İki ölkənin parlamentləri arasında münasibətlərdən danışan spiker diqqətə çatdırıb ki, Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında qanunverici orqanların özünəməxsus rolu var. Parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq edirlər. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament qurumlarında uğurla əməkdaşlıq edirlər.
Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında danışaraq bildirib ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Spiker bildirib ki, Ermənistan ərazilərimizi işğal altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan edib, şəhərlərimizi və kəndlərimizi dağıdıb. S.Qafarova diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixə qovuşub və hazırda Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün azad edilmiş əraziləri minalardan təmizləyir, bərpa edir. Azərbaycan Ermənistana bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlanması, regionda bütün kommunikasiyaların bərpa olunması və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə təkliflər verib. Ümid edirik ki, tezliklə iki ölkə arasında sülh sazişinin imzalanması bütün regionun inkişafına və çiçəklənməsinə böyük töhfə verəcəkdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.