Növbədənkənar parlament seçkiləri ilə bağlı hazırlıq prosesində bütün tədbirlər qanunauyğun, plana müvafiq həyata keçirilib.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, 6 milyon 421 min 960 nəfər seçici var.
MSK sədri bildirib ki, bu seçkilərdə 51 min 141 nəfər ilk dəfə səs verəcək.
"Azərbaycanda parlament seçkiləri ilə əlaqədar 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onların 6 min 343-ü daimi, 135-i müvəqqətidir" - deyə, o vurğulayıb.
M. Pənahov onu da qeyd edib ki, 6 308 851 nəfər daimi seçici var:
"Onlardan 3 307 902 nəfəri qadınlardır".
MSK sədri əlavə edib ki, 135 müvəqqəti seçki məntəqələri ilə daimi məntəqələrin müşahidəçilik baxımından heç bir fərqi yoxdur:
"Qeydiyyatdan keçən müşahidəçilər daimi və müvəqqəti fərqi olmadan, bütün seçki məntəqələrində müşahidə apara bilərlər. Bunun üçün sadəcə qapalı müəssisələrin özünün daxili qaydalarına tabe olmaq lazımdır. Bu onların daxili nizam-intizamıdır".