Hazırda Azərbaycanda 960-dan çox məktəb yararsız və ya qismən yararsız vəziyyətdədir.
“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı noyabrın 10-da keçirilən birgə iclasında çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, həmin məktəblərdən 434-ü yararsız vəziyyətdədir:
“Həmin məktəblərin təmiri və ya tikintisi üçün təxminən 3 milyarddan artıq vəsait lazımdır. Təbii ki, təmir işləri daim mərhələli şəkildə həyata keçirilir. Həm Elm və Təhsil Nazirliyi, həm də Heydər Əliyev Fondu tərəfindən hər il, təxminən, 100-dən çox məktəb ya təmir olunur, ya da yenidən inşa edilir. Bu məsələ daim diqqət mərkəzində saxlanılır və prioritet istiqamətlərdəndir”.