Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
“Report”un xəbərinə görə, dəyişikliklə nəqliyyat vasitələrinin saxlanılmasına dair halların sayı artırılır.
Bununla bağlı məcəlləyə aşağıdakı kimi yeni - 97.4-1-ci maddənin əlavə olunması təklif edilir.
Beləliklə, inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlara (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) əlaqədar sorğunu hüquqi şəxsin öz hüquqi ünvanı üzrə fəaliyyət göstərməməsi səbəbindən 20 gün müddətində çatdırmaq mümkün olmadıqda, həmin sorğunun verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul ediləcək. Bu halda dayandırılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sorğu təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılacaq. Bu qaydada təqdim edilən sorğu rəsmi qaydada verilmiş hesab olunacaq.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.