"Biz Fransa hökumətinin adekvat reaksiyasını görmədik".
"Report" xəbər verir ki, bunu Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin nümayəndələri prezident Makrona müraciət edərək, Azərbaycana qarşı əsassız ittihamlar səsləndiriblər:
"Müraciətdə beynəlxalq hüququn fundamental prinsiplərinə zidd, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təcavüzə çağırış ifadə edən fikirlər yer alıb. Bu, Fransanın Azərbaycan əleyhinə siyasətini və təxribatlarını davam etdirdiyini təsdiqləyir. Ötən ay Fransa parlamentinin hər iki palatasında qərəzli sənədlər qəbul edilmişdi. Daha sonra Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimin nümayəndəsinin təmtəraqla qarşılanması, Azərbaycan ekofəallarının Laçın yolunda etiraz aksiyası ilə bağlı Fransa Xarici İşlər Nazirliyinin qeyri-obyektiv bəyanatı Fransanın separatizmə açıq dəstək verdiyinin göstəricisidir".
Deputatın fikrincə, Fransa parlamentində təmsil olunan şəxslərin başqa bir ölkənin ərazi bütövlüyünə, müstəqilliyinə açıq hörmətsizlik ifadə edən mövqeyi ilk növbədə Fransa hökuməti tərəfindən qınanmalıdır: "Təəssüf ki, biz Fransa hökumətinin adekvat reaksiyasını görmədik. Bu da Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək niyyətində olmadığını sübut edir. Əksinə, Fransa Cənubi Qafqazda gərginlik mühiti yaratmaq, regionda sülhün təmin olunması istiqamətində təşəbbüslərə mane olmaq üçün bütün alətlərdən istifadə etməyə çalışır. Bir məsələni də diqqətə çatdırmaq istərdim ki, Fransa Milli Assambleyasında artıq Azərbaycanla dostluq qrupu formalaşıb. Əvvəliki tərkiblə biz çox fəal əlaqələr qurmağa müvəffəq olmuşduq. Fransa parlamentinin üzvlərinin ölkəmizə, o cümlədən, işğaldan azad olunmuş ərazilərimizə səfərləri təşkil edilmişdi. Fransa ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılmasında bu əlaqələrdən maksimum faydalanmağa çalışmışıq. Milli Məclis rəhbərliyinə, şəxsən Sahibə xanım Sizə, ilk günlərdən fəaliyyətimizə verdiyiniz dəstəyə görə işçi qrupunun adından minnətdarlığımı bildirirəm".
"Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ölkəmizin mövqeyini çatdırmaq üçün Milli Assambleyada yeni formalaşmış dostluq qrupu ilə əlaqələri zəruri sayır və bu istiqamətdə müvafiq addımlar atacaq. Çünki Fransa hökuməti və parlamentinin mövqeyi tamamilə qəbuledilməzdir. Görünür, Fransa beynəlxalq birliyin bölüşdüyü ümumbəşəri dəyərləri artıq qəbul etmir. Hesab edirəm ki, bu, münasibətlərdə dərin çatlar yaradır. Bizim ölkəmiz Cənubi Qafqazın ən güclü dövləti kimi milli maraqlarına qarşı yönəlmiş istənilən təhdidə müqavimət göstərmək imkanındadır. Lakin Azərbaycanın siyasəti gücə deyil, sülh, sabitlik, təhlükəsizlik, əməkdaşlıq dəyərlərinə əsaslanır. Azərbaycan regionda yeni reallıqlar yaradıb və bütün digər ölkələr kimi, Fransa da bu reallıqları qəbul etməlidir", -S.Məmmədov əlavə edib.