Sentyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Vyanada Parlamentlərarası İttifaqın təşkilatçılığı ilə keçirilən Qadın parlament sədrlərinin 13-cü Sammitində çıxış edib.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
S.Qafarova qeyd edib ki, pandemiya və post-pandemiya dövründə qadınlara diqqət yetirməyimiz onların daha yaxşı və daha təhlükəsiz dünyaya verdikləri əhəmiyyətli töhfənin tanınması anlamına gəlir. Bu gün cəmiyyətlərimizin əsas hissəsini təşkil edən qadınlar qlobal pandemiyaya qarşı mübarizədə əhəmiyyətli rol oynamağa davam edirlər. O bildirib ki, bu gün nailiyyətlərimizi qoruyub saxlamaq və post - pandemiya dövründə inkişaf etdirmək üçün qadınların səlahiyyətlərinin artırılması çox vacibdir.
Milli Məclisin sədri Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin uğurları barədə məlumat verərək deyib ki, Azərbaycanda qadınlar cəmiyyətdə mühüm rol oynayırlar. Spiker xüsusilə vurğulayıb ki, Azərbaycan müsəlman dünyasında qadınlara səsvermə və seçilmə hüququ verən ilk ölkə olub. Bu, hətta bir çox Avropa ölkəsindən daha əvvəl - 1918-ci ildə baş verib.
O bildirib ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə qadınların hüquqlarının qorunması və onlara geniş imkanların yaradılması istiqamətində mühüm işlər görülüb. O cümlədən, Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, qadınların rolunun artırılması və qadınlarla bağlı mühüm qərarların, habelə müxtəlif qanunların qəbul edilməsi, gender bərabərsizliyinin və qadınlara qarşı zorakılığın aradan qaldırılması və digər tədbirlər Azərbaycanda qadınlarla bağlı dövlət siyasətinin uğurla həyata keçirilməsində mühüm rol oynayıb. Spiker qeyd edib ki, bu gün Azərbaycanda qadınlar qərarqəbuletmədə yüksək vəzifələr tuturlar.
Daha sonra Sahibə Qafarova ölkəmizdə gender bərabərliyinin təmin olunması, qadınların fəallığının artırılması istiqamətində həyata keçirilən geniş tədbirlər, yerli və beynəlxalq layihələr barədə də məlumat verib və bu qəbildən olan layihələrin pandemiyadan sonrakı dövrdə də uğurla davam etdiriləcəyinə inandığını bildirib.
S.Qafarova çıxışında qaçqın və məcburi köçkün olan qadınların üzləşdiyi problemlər barədə də danışıb. O, qeyd edib ki, pandemiya dövründə bütün dünyada qaçqın və məcburi köçkün düşmüş qadın və qızların qayğı və ehtiyaclarına diqqət yetirilməli, bu qrupdan olan şəxslərin layiqli və təhlükəsiz şəraitdə doğma yurdlarına geri qayıtmaq hüquqları təbliğ və təşviq edilməlidir. Təəssüf ki, bu gün bu həssas qruplara sahib bir çox ölkə var. Bu ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə 20-ci əsrin sonlarında Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurdlarını tərk etmiş bir milyondan çox qaçqın və məcburi köçkün var və onların böyük hissəsini qadınlar və qızlar təşkil edir.
Milli Məclisin sədri xatırladıb ki, ötən il Azərbaycan 44 günlük Vətən müharibəsində öz imkanları və gücü hesabına ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu və öz tarixi torpaqlarını - Qarabağı azad edərək ərazi bütövlüyünü bərpa etdi. 10 noyabr 2020-ci ildə bölgədə davamlı sülhün təmin edilməsinə yönəlmiş Üçtərəfli Bəyanat imzalanıb. Təəssüf ki, Ermənistan tərəfindən həmin ərazilərin minalanması və sərhədimizdə davamlı təxribatlar törədilməsi sülhyaratma prosesinə mane olur.
Sonda Sahibə Qafarova ümidvar olduğunu bildirib ki, biz deputatlar münaqişənin təsir etdiyi qadınlara pandemiyadan sonrakı yeni şəraitdə daha rahat və məhsuldar bir həyat yaşamalarına kömək etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. O, bu Sammitin nəticələrinin qadınların və qızların rifahına töhfə verəcəyinə inandığını vurğulayıb.