Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri ilə görüşüb.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Spiker bu il Azərbaycanın təşkilata üzvlüyünün 30-cu ildönümünün tamam olduğunu, bu illər ərzində tərəflər arasında uğurlu əməkdaşlıq həyata keçirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan regionun iqtisadi potensialından səmərəli istifadə etmək üçün qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Ölkəmiz həmişə beynəlxalq iqtisadi əməkdaşlıq və inteqrasiya səylərinə öz dəstəyini göstərir. Bu kontekstdə Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığa verdiyi töfhələr vurğulanıb.
Görüşdə Milli Məclisin sədri Azərbaycanla İƏT arasında münasibətlərin möhkəmləndirilməsi, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə və münaqişənin həllindən sonra regionda yeni yaranmış şərait, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, kommunikasiyaların bərpasının və yeni dəhlizlərin yaradılmasının əhəmiyyəti, İƏT Parlament Assambleyasının Bakıda keçiriləcək Üçüncü Ümumi Konfransına hazırlıq məqsədilə görülən işlər və digər məsələlər barədə danışıb.
Xusrav Noziri görüşə və göstərilən yüksək qonaqpərvərliyə görə, minnətdarlığını ifadə edib. O, Azərbaycana ikinci dəfə səfər etdiyini və ölkəmizin yüksək səviyyədə inkişafa nail olduğunu vurğulayıb.
Xusrav Noziri Azərbaycanın İƏT-də fəal rol oynayan üzv dövlətlərdən biri olduğunu qeyd edib. O, Azərbaycanın təşkilatda fəal təmsilçiliyini, həmçinin Milli Məclisin İƏT Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının keçirilməsi ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.