"Nəqliyyat, kommunikasiya, infrastruktur layihələri regionda sülh, təhlükəsizlik və inkişafa töhfə verəcək və bütün türk dünyası, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaq".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Azərbaycan münaqişə sonrası bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub: "Söhbət işğaldan azad olunan ərazilərimizin yenidən qurulması ilə yanaşı, regionda yeni proseslərin başlanmasından gedir. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatı xüsusilə regionda kommunikasiya xətlərinin açılması ilə əlaqədar olan 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatı ilə daha da inkişaf etdirilib, regionda nəqliyyat kommunikasiya xətlərinin açılması üçün konkret istiqamətlərdə fəaliyyətə başlanılıb.Regionda yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin, o cümlədən çox önəmli Zəngəzur dəhlizinin, yaradılması əməkdaşlığı daha da gücləndirəcək, habelə ticarət dövriyyəsinin artmasına xidmət edəcək. Füzulidə yeni beynəlxalq aeroportun inşası, gələcəkdə Zəngilan və Laçında da tikintisi davam edən beynəlxalq hava limanlarının istismara verilməsi regionun nəqliyyat imkanlarını daha da genişləndiriləcək".