Biz Avropa Şurası Parlament Assambleyası ilə konstruktiv əməkdaşlığa hər zaman hazırıq.
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov COP29 çərçivəsində jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, AŞPA-dakı hadisələr bizim təşəbbüsümüz əsasında baş verməyib.
“Onlar Azərbaycana qeyri-obyektiv münasibət bəsləyiblər”, – deputat vurğulayıb.
S.Seyidov qeyd edib ki, Avropa Şurası yalnız AŞPA-dan ibarət deyil.
“Nazirlər Komitəsi, Avropa İnsan Haqları Məhkəməsi və digər başqa qurumlar var. Sevindirici haldır ki, AŞPA-nın Baş katibi Azərbaycandadır. Onlar nə qədər tez dərk edəcək ki, onun içərisində ümumi bölüşdüyümüz dəyərləri sui-istifadə edib ölkələrə təzyiq göstərirlər, onlara qarşı qeyri-obyektiv addımlar atırlar, bir o qədər tez AŞPA-nın içərisində böhran öz həllini tapa biləcək”, – o bildirib.
Deputatın sözlərinə görə, Azərbaycan bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır:
“Bu, milli maraqlarımızı qoruyub saxlamaq şərti ilə və qarşılıqlı hörmət əsasında olmalıdır və onlar çox sadə prinsiplərdir. Lakin təəssüf ki, müasir dünyada onları qorumaq, saxlamaq çox çətin və bəzi təşkilatlar üçün işə çevrilib. AŞPA-nın içərisində bəzi insanlar, qurumlar, dövlətlər məhz bu yolu tutublar. Ona görə də böhran içərisindədirlər. Azərbaycan da bu məsələlər həll olunsa, əməkdaşlıq etməyə, əlaqələr qurmağa hər zaman hazır olub və bundan sonra da belə olacaq”.