Milli Məclis bu gün keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, sənədə əsasən, Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır.
Şuşa Şəhəri Dövlət Qoruğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə edilir.
Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisini isə aşağıdakılar təşkil edir:
1.Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisini Şuşa şəhərinin inzibati sərhədləri daxilində yerləşən torpaq sahələri təşkil edir.
2.Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii-landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mühafizə zonasının sərhədləri müəyyən edilir.
Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.