Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Bakıda səfərdə ikən Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini yad edib.
"Report" xəbər verir ki, daha sonra Şəhidlər xiyabanını da ziyarət edən qonaqlar Milli Məclisdə görüşlər keçirib.
Milli Məclisin sədr müavini Fəzail İbrahimli ilə keçirilən ilk görüş zamanı iki ölkə parlamentləri arasındakı əlaqələrin daha da gücləndirilməsi üçün atılacaq addımlar, Ukraynadakı mövcud vəziyyət kimi məsələlər müzakirə olunub. Hər iki ölkənin rəhbərliyinə qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü beynəlxalq səviyyədə müdafiə etdiklərinə görə minnətdarlıq ifadə olunub. Görüşdə Milli Məclis üzvləri Rüfət Quliyev, Tahir Mirkişili, Cavanşir Feyziyev, Cavid Osmanov, Naqif Həmzəyev iştirak ediblər.
Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Volodımır Kreydenko, millət vəkilləri Mikola Qaluşko və Anton Şvaçko, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovdan ibarət münayəndə heyəti növbəti görüşünü Milli Məclisdə Ukrayna ilə parlamentlərarası dostluq qrupunun üzvləri ilə keçirib. Həmin görüşdə iki ölkənin dostluq qrupunun fəaliyyətinə dair cari məsələlər müzakirə olunub.
Xatırladaq ki, ötən gün Ukrayna nümayəndə heyəti Azərbaycan Xarici İşlər, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərində görüş keçirmişdi.