Bu gün 37 yaşını tamamlayan FIFA referisi Əliyar Ağayev “Report”un qonağı olub. O, geniş müsahibəsində hakimliyə başladığı illərdən, həmçinin karyerasında baş verən önəmli məqamlardan söz açıb. Azərbaycanın ən güclü referisi başqa maraqlı sualları da cavablandırıb.
- 37 yaşınız tamam olur. Bu yaşda özünüzü necə hiss edirsiniz?
- Fiziki hazırlığım yaxşı şəraitdə keçir deyə, şükür Allaha ki, yaş hələ sözünü demir. Fiziki durumum yaşıl meydanlarda işimi davam etdirməyə hələ ki, imkan verir.
- Hakimliyə başlamağınıza nə vəsilə oldu və bundan əvvəl hansı işlə məşğul idiniz?
- Futbolu uşaqlıqdan sevmişəm. Müəyyən yaşa qədər futbolla məşğul olmuşam. Peşəkar səviyyədə olmasa da, bir neçə il futbol oynamışam. Zaman oldu ki, zədə səbəbindən futbolu müəyyən müddət buraxmaq məcburiyyətində qaldım. Hardasa 16-17 yaşında idim. Futbol oynamaq lazım idi. Zədəni sağaltmaq, bərpa prosesi isə gec olur. Bu səbəbdən yenidən yaşıl meydanlara qayıtmaq üçün hakimliyi seçdim.
- Bunda kiminsə təsiri oldu?
- Xeyr, çox adam elə fikirləşir. Atam da beynəlxalq dərəcəli köməkçi hakim olub. Amma bir dəfə olsun, təkid etməyib. Bəlkə mən də heç vaxt oğluma hakim kimi fəaliyyət göstərməyi təkid etmərəm. Bu işin çətinliyini bilirəm. Atam seçimi özümə buraxıb. Hakimliyi seçdikdən sonra isə, təbii ki, mənə dəstəyini əsirgəməyib.
- Oğlunuzdan söz açdınız. Onun bu sahəyə marağı var?
- Çox marağı var və bu onda birdən-birə yaranıb. 9 yaşı olacaq. 7 yaşına qədər, ümumiyyətlə, futbolla maraqlanmırdı. Son bir ildə çox maraqlanır. Televizorda göstərilən heç bir oyunu, demək olar ki, buraxmır.
- İdarə etdiyiniz oyunları da, yəqin ki, izləyir. Həmin matçlarla bağlı iradı və ya təklifi olurmu?
- Bəlkə də oyuna hakim gözü ilə baxmır deyə, buraxdığımız səhvləri gözdən qaçırır.
- Gərgin oyun anları çox olur. Belə məqamlarda necə fokuslanırsınız və qərar verirsiniz?
- Məhz bu səbəbdən bizim işimiz göründüyü qədər çətindir. Çünki fiziki hazırlıqla məşğul oluruq, eyni zamanda bunun təsiri altında qərar verməliyik. Doğrudan da çətin peşədir. Lakin biz həftələrlə, aylarla çalışırıq deyə, oyun zamanı rahat olur.
- Bəs emosional təzyiqlərin öhdəsindən necə gəlirsiniz?
- Daha çox azarkeşlər, bəzən də baş məşqçilər tərəfindən təzyiqlər olur. Bu işə başlayanda belə çətinliklər olacağını bilirik. Çətin də olsa, öhdəsindən gəlirik. Çalışırıq psixoloji hazırlığımız daim yüksək səviyyədə olsun.
- Oyunçularla necə əlaqə qurursunuz?
- Meydanda, təbii ki, aramızda əlaqə olur. Amma kənarda çalışırıq ki, futbolçularla minimum dostluq edək. Çünki bəzən bu, düzgün qəbul edilməyə bilər. Oyun ərzində, əlbəttə, bir-birimizi gözəl başa düşürük. Narazılıqlar da olur. Bu isə futbolun bir hissəsidir.
- Ən pik həddə emosional vəziyyətinizi necə qoruya bilirsiniz?
- Fərq etməz, haqlı, ya da haqsız, oyunçular daim narazılıqlarını büruzə verə bilərlər. Futbolçu əsəblərini cilovlaya bilməyən zaman biz də eyni cavabı versək, qarışıqlıq düşər. Ona görə də təmkinli və səbrli olmağa çalışırıq. Nadir hallarda futbolçulara cavab olaraq daha artığını qaytarırıq. Amma sonradan təhlil edəndə düşünürük ki, bunun fəsdları daha böyük ola bilər.
- Qırmızı vərəqə futbolçunun düşmənidir. Heç olubmu ki, qırmızı vərəqədən sonra hansısa futbolçu ilə mübahisəniz düşüb?
- Bəzən aşkar qayda pozuntusundan sonra ikinci sarıdan qırmızı vərəqə olursa, futbolçu qəbul edir və meydandan çəkilir. Amma onun fikrinə görə qırmızı vərəqə mübahisəlidirsə, meydanda qalmaq, hakimin fikrini dəyişdirməsi üçün əlindən gələni edir. Təbii ki, aşkar qırmızı vərqədirsə, hakimin qərarı dəyişmir. Müəyyən narazılıqdan sonra oyunçu da meydanı tərk etməli olduğunu başa düşür.
- Son dönəmlərdə hansı futbolçu ilə bu mənada mübahisəniz olub?
- “Səbail” - “Şamaxı” matçında Konate ikinci sarı vərəqədən sonra meydanı tərk etdi. Çox cüzi narazılıq etdi. Sonda özü də anladı ki, meydanı tərk etmək lazımdır.
- VAR sisteminin futbola təsiri haqda nə düşünürsünüz?
- Çox futbol funksionerləri, azarkşelər düşünür ki, VAR sistemi hakimlər üçün yaranıb. Amma belə deyil, VAR sırf futbolun gözəlliyini artırmaq və daha ədalətli qərarların verilməsi üçün yaranıb. Hesab edirəm ki, hazırkı dönəmdə çox effektli sistemdir. İlk dəfə 2018-ci ilin dünya çempionatında tətbiq olunmağa başlayıb. Bəlkə də həmin vaxt VAR sistemi olmasaydı, Fransa 1/8 finalda yarışı tərk edəcəkdi. Məhz VAR-ın sayəsində ədalət tam bərpa olundu və komanda dünya çempionluğunu qazandı.
- Amma bir məsələ də var ki, VAR futbolun intensivliyinə təsir edir və mübahisələr yaranır. Keçmişdə futbolçu olmusunuz. Təsəvvür edin ki, qol vurmusunuz və sevincinizi qeyd etmisiniz. Ancaq VAR-a baxılır və hər şeyin üstündən xətt çəkilir...
- Bu mənfi tərəf kimi görünsə də, əslində müsbət sistemdir. Digər təfədən baxsaq, düşünə bilərik ki, niyə qapımıza oyundankənar vəziyyətdən qol vurulmalıdır? Bəzən texniki problemlərə görə vaxt uzana və bu, mübahisələrə səbəb ola bilər. Lakin statistikaya baxsaq, görərik ki, qapıdan zərbələrə, topun yan xətdən oyuna daxil edilməsinə daha çox vaxt gedir, nəinki VAR sisteminə. VAR hər oyunda istifadə olunmur. Bəzən hakim oyunu qüsursuz idarə edir. Sonda görürük ki, ən minimal vaxt VAR-a sərf olunur. Sonda qərar ədalətli olur deyə, bəzən vaxtın uzanmasına göz yummaq mümkündür.
- Elə məqam olubmu ki, düzgün qərar vermisiniz, amma VAR-dan əskikliklər olduğu bildirilib? Həmin zaman nə etmisiniz?
- Onsuz da meydanda qərar verərkən bunun düzgün olduğunu düşünürük. Amma VAR-a baxan da aktiv hakim olur və yalnız baş hakim səhv qərar verdiyi halda onu VAR-a dəvət edir. Normalda VAR hakimləri qərarın düzgün və ya səhv olduğunu düşünməli deyil. Bir şüarımız var - həqiqətən hakim aşkar səhv edib, ya yox? Məsələn, sarı vərəqə göstərmişəmsə, ancaq VAR bunun aşkar “qırmızı” olduğunu düşünürsə, təbii ki, məni çağırır və epiozdu yenidən görürəm. Sonda yenə qərarı mən verirəm. Təbii ki, az da olsa, belə hallar yaranır. Əlbəttə, heç bir meydan hakimi VAR-a baxmağa getmək istəmir. Çünki bəzən bu qiymətimizə təsir edir.
- Karyeranızda çətin və ən yaddaqalan qərar verməli olduğunuz oyun hansı olub?
- Bəzən ideal komandaların oyununun çətin olduğunu düşünürlər. Lakin bir çox hallarda turnir cədvəlinin sonunda qərarlaşan komandaların oyununun daha çətin olduğunu görürük. Elitanı kimsə tərk edəcəksə, o komandanın matçını idarə etmək çətin olur. Avropada mənim üçün indiyədək ən çətin görüş “Sürix” - “Bayer 04” matçı olub. Təkcə mən deyil, bütün briqada üçün belə alınıb. O vaxt “altılıq” sistemi var idi, qapının arxasında duran hakimlər də olurdu. Həmin oyunda hər köməkçi hakimin üzərinə müəyyən yük düşmüşdü.
- Haqqınızdakı ən yumoristik və maraqlı tənqid hansı olub?
- Konkret yadımda qalmayıb. Üstəlik, sosial şəbəkələrdə yoxam deyə, tam dərinliyinə qədər gedə bilmirəm. Bəlkə də hansısa paylaşımlarda və ya şərhlərdə ola bilər.
- Yaxınlarınızdan, dostlarınızdan kimsə sizə yaxınlaşıb haqqınızda hansısa yumoristik tənqid olduğunu söyləyib?
- (fikirləşir) İndi yadıma düşmür.
- Bir çox avrokubok oyunlarını idarə etmisiniz, hansı yaddaqalan xatirəniz olub?
- Fransa və İtaliyanın 19 yaşa qədər futbolçulardan ibarət komandaları arasında keçirilən final matçı olub. Daha sonra bir neçə ildir can atdığımız Çempionlar Liqasının qrup mərhələsindəki ilk oyunumuz. Karyeramda bu iki məqamı xüsusi qeyd edərdim.
- Sosial şəbəkələrdən istifadə etmədiyinizi dediniz. Bu yaxınlarda “Qarabağ” və “Neftçi” arasında matçdan səs yazılarınız yayılmışdı. Bəziləri hakimlərin söyüş söydüyü məqamları tənqid edirdi. Proses necə baş vermişdi və həmin an hisslərinizi necə cilovlayırsınız?
- Video çox maraqla qarşılandı. Peşəkar Futbol Liqası sağ olsun, maraqlı video ortaya çıxarıb. Təbii ki, heç bir təhqirdən söhbət gedə bilməz. Oyun ərzində belə hallar olur. Biz ona söyüş deməyək, el arasında istifadə olunan sözlərdir. Təbii ki, orada heç kimi təhqir etmirik, yaxud artıq-əskik söz demirik.
- Kumiriniz kim olub?
- Hakimliyə başlayanda kumirim yox idi. Son dönəmlərdə - Avropada oyunlar idarə etməyə başlayandan ingilis hakim Hovard Uebbi çox bəyənirdim. Bəlkə də İngiltərə Premyer Liqasına çox baxdığım üçündür. Türkiyədən Cüneyt Çakırı qeyd edə bilərəm. Təkbaşına haralara gəlib çıxıb. Əməyi danılmazdır. Görün öz üzərində nə qədər çalışıb ki, dünya və Avropa çempionatlarında oyunlar idarə edib. Həmçinin alman, italyan, ümumiyyətlə, böyük futbol ölkələrindən olan hakimlərdən daha çox nələrsə öyrənməyə çalışmışam.
- Hazırkı hakimlərdən kimləri bəyənirsiniz?
- İlk olaraq polşalı Şimon Marçinyakı qeyd edərdim. Son dünya çempionatının, həmçinin Çempionlar Liqasının finalını idarə etdi. Mənə görə hazırda Avropda bir nömrəli hakim odur.
- Dünya futbolunda bəzi hakimlər var ki, futbolçular onlardan qorxub. Məsələn, Pyerluici Kollina, Markus Merk və s. Bəs sizdən qorxanlar var?
- Kollinaya baxanda bəlkə də deyərik ki, onun görünüşünə görə futbolçular çəkinir. Markus Merki də düz qeyd etdiniz. O dönəmin hakimləri çox güclü olub. Nadir hallarda bir dönəmdə idarəçilik edən 7-8 eyni səviyyəli hakim görə bilərik. Doğrudan da onların nüfuzu daha çox idi. Futbolçular meydanda məndən qorxmasalar da, ən azı hörmət edirlər.
- Hazırda Azərbaycanda və ya dünyada azarkeşlik etdiyiniz, simpatiya göstərdiyiniz futbol klubu var?
- Bəlkə də bir qədər inandırıcı görünməyə bilər, amma yoxdur. Birincisi, işimiz buna imkan vermir. İkincisi, heç bir zaman hansısa kluba azarkeşlik etməmişəm. Hakimlikdən əvvəl də belə idi. Oyuna baxan zaman hansısa komanda mənə yaxın ola bilər.
- Nə Azərbaycanda, nə də dünyada? Hər halda, istənilən uşağın simpatiya bəslədiyi klub olur. Bəs Əliyarın uşaq vaxtı simpatiya bəslədiyi klub olub?
- Bəlkə də bəyəndiyim oyunçu olub. Amma həqiqətən simpatiya göstərdiyim klub və ya yığma olmayıb. Təbii, Azərbaycanı çıxmaq şərtilə dünya üzrə heç bir yığmanı isti qarşılamamışam. Bəlkə də hansısa klub bəyəndiyim oyunçuya görə yaxın görünə bilər. Futbola maraq oyunçuların meydandakı hərəkətlərindən yaranır.
- Simpatiyanız olan, sevdiyiniz, bəyəndiyiniz oyunçu hansıdır?
- Son illərdə Lionel Messi və Kriştianu Ronaldu futbolun hamı tərəfindən sevilməsinə səbəb olan oyunçulardır. İndi bəlkə də yaşla əlaqədar öz yerlərini gənclərə verirlər. Gənclərdən fransalı Kilian Mbappeni, almaniyalı Camal Musialanı göstərmək olar. Yüksək səviyyəli futbolçulardır.
- Əliyar Ağayevin fikri necədir, Ronaldu, yoxsa Messi? Tam səmimi cavab verməyinizi istərdik.
- Şəxsi fikrimdir, Messi daha üstündür.
- Sizcə, Azərbaycan futbolu güclüdür, yoxsa Azərbaycan hakimliyi?
- Bir qədər çətin sualdır. Nə yalan danışım, hazırkı vəziyyətdə idarə etdiyimiz oyunların səviyyəsinə əsasən Azərbaycan hakimliyinin daha güclü olduğunu deyərdim.
- Azərbaycan hakimliyinin bugünkü durumunu necə qiymətləndirirsiniz?
- Çox gənc kollektivimiz var. Üzərlərində işləməliyik, Avropa səviyyəli, birinci kateqoriyaya yüksəlməyə layiq hakimlərimiz var. Gənc olmaları da bir üstünlükdür. İnandırım sizi, elə ölkələr var ki, 38-39 yaşında hakim tapıb FIFA referisi edirlər. Bu baxımdan biz çox irəlidəyik. Premyer Liqadakı hakimlərin 85 faizi gənclərdir. Çempionatımızın səviyyəsi böyük ölkələrlə eyni olmasa da, hakimlərimiz daim yaxşı oyunları idarə etməyə can atırlar. Buna da layiqdirlər.
- Elit hakimlər kateqoriyasında hələ də yoxsunuz. Necə düşünrüsünüz, sizdən sonra gələn hakimlər bu kateqoriyaya yüksələ bilər?
- Əlbəttə, ola bilər, potensial var. Mən də addım-addım birinci kateqoriyaya yüksəlmişəm. Elit kateqoriyaya, demək olar ki, bir addım qalıb. Son addımı atmaq üçün daim çalışıram. Bunun nə zaman bu baş verəcəyini, yaxud bizdən sonra gələnlərə qismət olacağını bilmirəm.
- Elit kateqoriyada olmamağınızın səbəbi nədir?
- Bunu məndən çox kimsə istəyə bilməz. Bəzi nüamslar var. Ölkə futbolunun səviyyəsi müəyyən rol oynayır. Bəzən idarə etdiyimiz hansısa oyunlarda idarəçilik qənaətbəxş olmayıb deyə, bunu təxirə salıblar. Şükürlər olsun, son illərdə idarəçiliyimiz yaxşıdır.
- Futbolumuzun mövcud durumu buna çox təsir edir?
- Desəm ki, sırf futbolumuzun səviyyəsinə görə elit kateqoriyaya düşmürəm, bu, yalan olar. Amma müəyyən, çox cüzi təsirləri var. Çünki UEFA çalışır ki, futbolu güclü olmayan ölkələrdən də hakimlər yetişdirsin. Özləri də açıqlayırlar ki, hər dəfə, məsələn, Almaniya - İtaliya matçına fransalı hakim təyin etmək çətindir. Fərqlilik istəyirlər. Çalışırlar ki, futbolu yüksək olmayan ölkələrdən də hakimlər cəlb etsinlər.
- Hakimlik ədalət məsələsidir. Olubmu ki, ədalətli qərar verməyinizə baxmayaraq, sərt şəkildə tənqid, hətta təhdid olunmusunuz? Qardaş Türkiyədə belə hallar dəfələrlə yaşanıb.
- Tənqidlər olub. Amma şükürlər olsun ki, indiyə qədər hakimlərimizin təhdid edildiyini görməmişəm. Türkiyə ilə yanaşı, Yunanıstanı da qeyd edərdim. Tənqidlər haqlı, haqsız, amma olub. Fikrimcə, bu normaldır. Çalışırıq ki, bundan nəsə götürək. Bəzən haqsızlıq olur, amma bunu ciddiyə almırıq.
- Hakim ciddi olmalı, qərarları sərt və qəti şəkildə qəbul etməlidir. Real həyatda, ailənizdə də hakimsiniz?
- Təbii ki, hakim olmağa çalışıram (gülür). Meydanda və ailədə insan fərqli olmalıdır. Hətta oyunlarda belə bəzən gülürük, yaxud sərt oluruq. Bəzən oyunçularla danışırıq, yaxud da onları heç yaxın buraxmırıq. Biz həmişə deyirik, hakim meydanda yaxşı mənada artist olmalıdır, roldan rola girməlidir. Çünki oyun da eyni olmur. Hər komandaya və ya oyunçuya fərqli yanaşma olur. Oyunda dəyişikliklər olur. Amma həyatda evcil olmaq lazımdır.
- Sizə tərəfkeşlik etməyiniz üçün bahalı hədiyyə, pul təklif edən olub?
- Xeyr, şükür ki, olmayıb. Təbii ki, olsa, ilk növbədə təklifdən imtina edərik. Bu, bütün hakimlərin vəzifə borcudur. Mütləq imtina olunmalıdır. Federasiyada bu işə cavadeh şəxslərə isə raport yazılıb təqdim edilməlidir. Qeyd olunmasa, hətta təklifdən imtina etsə belə, hakim cəzlandırıla bilər. Həm UEFA-da həm də yerli çempionatlarda bununla bağlı nümunələr var. Bəzən olub ki, hakim dərhal təklifdən imtina edib, amma quruma heç bir məlumat vermədiyinə görə futboldan 10 illik uzaqlaşdırılıb. İmtina etmək birinci addımdır. Digər addımlar özünü qorumaq üçün atılmalıdır.
- Bir hakimin fiziki hazırlığı nə qədər önəmlidir? Siz fiziki hazırlığınız üçün nə qədər vaxt sərf edirsiniz?
- Əvvəl hakimin fiziki hazırlığının yaxşı olmasının kifayət etdiyini deyirdilər. İndiki dönəmdə isə hakim konkret atlet olmalıdır. Oyunların sürəti son illərdə çox artıb. Bu halla üzləşməmək üçün hakimin fiziki hazırlığı yüksək səviyyədə olmalıdır. Məsələn, çempionatda idarə etdiyimiz son oyunun raportunda topun 60 dəqiqə meydanda olduğu yazılmışdı. Bu, topun sırf oyunda olduğu zamandır. Yəni 95 dəqiqənin 60 dəqiqəsində top meydanda olub. Təbii ki, bu halda sən mütləq hərəkət etməlisən. Ona görə də fiziki hazırlıq önəmlidir. Hazırda fiziki hazırlıq üzrə iki məşqçimiz var və üzərimizdə çox çalışırlar. Həftədə 3 dəfə qrup şəklində məcburi məşqlər keçirik. Bundan başqa, fərdi məşqlər də edirik.
- Hakimlik sahəsində ən böyük arzunuz nədir?
- Klub yarışlarında maksimuma çatmışıq. Növbəti məqsədlər, təbii ki, elit kateqoriyaya yüksəlmək və ən azı Avropa çempionatının final mərhələsində Azərbaycanı briqada şəklində təmsil etməkdir. Bunun üçün daim çalışırıq. Əliyar bu işi tək görə və bu səviyyəyə gəlib çata bilməzdi. Briqadanın önəmi var. Neçə illərdir eyni köməkçi hakimlərlə çalışırıq.
- Yaxşı hakim olmaq üçün üç əsas şərt nədir?
- Ən birincisi fiziki hazırlıqdır. Bundan başqa, hakim oyunlardan asılı olmayaraq, meydanda ədaləti daim qorumalıdır. Üçüncü şərtə dil bilgilərini daxil edə bilərik. Amma mən hesab edirəm ki, hakim səbrli olmalıdır. Səbrli olarsa, işinin öhdəsindən daha rahat gələcək. Səbirsiz və emosional olsa, oyunun "ip"ini əlindən buraxa bilər. Səbri və təmkini üçüncü yerə qoyardım. Ondan sonra, təbii ki, dil biliyi və intellektual səviyyə gələ bilər.
- Bildiyimizə görə, ingilis, rus və Azərbaycan dilində rahat danışırsınız…
- Bəli, rus dili ölkədə daha çox istifadə olunur. İngilis dilini hakimliyə başlamamışdan əvvəl, İdman Akademiyasında təhsil alarkən öyrənmişdim. Bu da mənə çox kömək oldu. İndiki dönəmdə də bu beynəlxalq dərəcəli hakim statusu qazanmaq üçün əsas nüanslardandır. Təsəvvür edin, adınız FIFA-ya göndərilir. Daha sonra UEFA-nın seminarı olur. İngilis dili imtahanından keçə bilməsək, bizi hakim kimi qəbul etmirlər.
- İndiyə qədər çox hakim-inspektorlarla çalışmısınız. əvvəl yerli mütəxəssislər olub. Türkiyəli Barış Şimşəkdən sonra hazırda belçikalı Frank De Blekere Hakimlər Komitəsinə rəhbərlik edir. Əcnəbi hakim-inspektorlarla çalışmağın sizin üçün üstünlüyü nədir?
- Komitə sədrlərinin kimliyindən asılı olmayaraq, həmişə onlardan nəsə götürməyə çalışmışıq. Əcnəbilərdən öncə 10 il Xaqani Məmmədovla işləmişik. Təbii ki, komitə sədrləri öz məsləhətlərini verir. Çünki heç kim öz hakiminin zəif olmasını istəməz. Komitə sədrinin uzun müddət vəzifəsində qalması hakimlərdən asılıdır. Önəmli məsləhətlərə qulaq asırıq. Təbii ki, bəzən məsləhətləri önəmli sayıb istifadə etməmişik. 6 ildir əcnəbi komitə sədri təyin olunur. Hətta futbolu kifayət qədər yüksək səviyyədə olan ölkələrdə belə əcnəbi komitə sədrlərini dəvət edirlər. Əsas məqsədlərdən biri budur ki, UEFA ilə işbirliyində irəliləyişlərə nail olunsun.
- Bir az əvvəl verdiyim sualı təkrarlamaq istərdim. Mümkünsə, bir əsəbiləşdiyiniz, bir də sizi güldürən məqamlarla bağlı xatirələrinizi bizimlə bölüşərdiniz…
- Əslində xoşuma gəlməyən tənqidlər çox olub (gülür, daha sonra fikirləşir). Vallah, gizlətmirəm, amma hazırda yadıma düşmür. Yumoristik məqamla bağlı deyim ki, bir dəfə Bolqarıstana “Ludoqorets” - “Espanyol” matçını idarə etməyə getmişdik. İsinmə hərəkətləri zamanı stadionda toplaşan türkiyəli azarkeşlər bir neçə dəfə “Əliyar, Əliyar” deyə adımı çağırdılar. Təbii ki, belə olan halda adətən reaksiya vermirik. Lakin qəfildən Prezident İlham Əliyevin ad və soyadını bir neçə dəfə səsləndirdilər. Maraq yarandı və biz də onlara öz salamımızı çatdırdıq.
Müxbirlər: Gülçin Cəmil, Səbuhi Həsənov