2018-ci ildə britaniyalı Lyuk Qrenfell-Şouya IV mərhələ onkoloji xəstə diaqnozu qoyulub. Həmin andan etibarən onun həyatı tamamilə dəyişib. O, təslim olmayıb və nə olursa, olsun, sona qədər mübarizə aparacağına söz verib. Belə ki, Lyuk Bristoldakı rahat həyatını qoyub velosipedlə Pekinə qədər getməyə qərar verib.
Böyük Britaniyadan Pekinə (Çin) gedən yol Azərbaycan da daxil olmaqla, 30 ölkənin ərazisi boyunca uzanır.
“Report”un çəkiliş qrupu digər KİV nümayəndələri ilə birlikdə Lyukla söhbətləşməyi və onun düşüncələrini, səfərinin məqsədini və təbii ki, Azərbaycan haqqında təəssüratlarını öyrənməyi bacarıb.
“Bristoldan Pekinə qədər uzanan bu velotura 2020-ci ilin yanvarında başlamışam. Koronavirus pandemiyasını nəzərə alsaq, bu, çox çətin ekspedisiyadır. Bir çox insan mənim bunu niyə etdiyimi düşünə bilər. İki il yarım əvvəl, 2018-ci ildə, 24 yaşım olarkən mənə xərçəng diaqnozu qoyuldu. Miladı görməyəcəyimi düşünürdüm. Elə o gün fikirləşdim ki, 3 ayım qalırsa, dünyanı görmək üçün velosiped ilə səyahətə çıxmaq istəyirəm. Bunu gözləmirdim, amma özümə kömək etmək üçün əlimdən gələni hər şeyi etdim: mümkün qədər aktiv oldum, çoxlu fiziki məşğələlər etdim, yeməyimə fikir verdim, çoxlu tərəvəz yedim. Müalicəm üçün hər şeyi edirəm”, - o deyir.
Lyuk qeyd edir ki, səyahətə başladığı andan bəri məqsədlərindən biri onkoloji diaqnoz ola-ola nə qədər çox şey etməyin mümkünlüyünü göstərmək olub: “Vəziyyəti ələ almaq və özünə yardım etmək üçün addımlar atırsansa, bu, insanların, adətən, düşündüklərindən daha çox şeydir. Bu zaman mümkünsüzün mümkün olduğunu anlaya bilərsən”.
Veloturun məqsədi yalnız xərçəng xəstələrinə diqqət çəkmək deyil, eyni zamanda onların müalicələri üçün vəsait toplamaqdır, bu barədə daha ətraflı məlumatı
“İndi xərçəng xəstələrinə kömək edən 5 gözəl xeyriyyə təşkilatı üçün təxminən 500 min ABŞ dolları toplayırıq. Səyahətimin əsas hissələrindən biri də budur - ən dəhşətli və çətin anları yaşayan insanları toplamaq”, - Lyuk bildirib.
Azərbaycanda yerli sakinlərin onu necə qarşılaması və ölkə barədə yaranan təəssüratları ilə bağlı suallara Lyuk son dərəcə müsbət cavablar verib, burada gördüklər barədə yalnız xoş sözlər söyləyib: “Azərbaycanda çox şey xoşuma gəldi, Qazaxa yeni girdiyim (Gürcüstandan sonra – red.) ilk gündən bu ölkəni sevdim. İnsanların hamısı məni salamlayır, çay içməyə dəvət edirdilər. Bu, səyahətim zamanı daha əvvəl hiss etmədiyim çox isti münasibət idi. Bu, çox möhtəşəm və inanılmaz idi. İndi səyahət etmək üçün, həqiqətən, çətin zamandır. Bir çox sərhədlər bağlıdır, insanlarla görüşmək çətin olur, kafe və barlara getmək olmur. Ancaq bu səyahət əsnasında insanların ən yaxşı xüsusiyyətlərini ortaya çıxara bildim. Məsələn, Azərbaycanda təkcə hökumət mənə ölkə üzrə səyahət etmək üçün xüsusi icazə vermədi, həm də yerli insanlar çox gözəldir. Problemlər yarandıqda çox sayda insan sənə kömək etməyə çalışır”.
Lyuk onkoloji xəstəlikləri heç bir halda təslim olmamağa çağırır, çünki bütün çətinliklərin öhdəsindən gəlməkdə yalnız insanın öz-özünə yardım edə biləcəyindən əmindir: “Əminəm ki, məni və etdiklərimi anlamayan bir çox insan var. Ancaq mənə baxıb “yaxşı, bu adam xərçəng xəstəsidir və dünyanı gəzir, amma mən nə edə bilərəm?” deyə düşünənlər də çoxdur. Onkoloji xəstələr və bu cür insanlarla tanış olanlar üçün özlərinə yardım etmək məqsədilə ən kiçik addımlar atmağın belə vacib olduğunu başa düşmək lazımdır. Çünki isnəilən fəallıq bədəninizə, düşüncələrinizə və bərpa prosesinə kömək edəcək”.