Ermənilər 12 hektarlıq tut bağını da minalayıb - VİDEOREPORTAJ

Ermənilər 12 hektarlıq tut bağını da minalayıb - VİDEOREPORTAJ Səfər zamanı Qubadlıda 750-yə yaxın ağac əkilib
Multimedia
14 Aprel , 2021 17:09
Ermənilər 12 hektarlıq tut bağını da minalayıb - VİDEOREPORTAJ

Cəbrayıl və Qubadlı rayonlarındakı yaşayış evləri, mədəni abidələrlə yanaşı, meşə sahələri də erməni vandalizminə məruz qalıb.

“Report”un əməkdaşı İsmayıl Nəsibli işğaldan azad olunmuş Cəbrayıl və Qubadlıya səfər edib və bu ərazilərimizdən videoreportaj hazırlayıb.

Səfər IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində baş tutub.

Bildirilib ki, işğal dövrünədək Cəbrayıl rayonunda mövcud 4 629 hektar meşə fondu torpağının 2 497 hektar meşə ilə örtülü olub. Erməni vandalları burada 2 320 hektar meşə sahəsini məhv edib.

Səfər zamanı əvvəl Böyük Mərcanlı kəndində erməni ekoterroru ilə tanış olunub. 1993-cü ildə ermənilər tərəfindən işğal edilən kənd 27 ildən sonra - 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində azad olunub.

İşğala qədər Cəbrayıl rayonunun girişində 12 hektar tut bağı olub. İndi isə həmin bağdan əsər-əlamət belə qalmayıb. Vandallar ağacları məhv edib. Ərazilərə isə hazırda daxil olmaq mümkün deyil. Çünki ermənilər əraziləri işğal zamanı minalayıb.

Cəbrayılın digər kəndi - Əmirvarlı kəndi də ekoloji terrorun qurbanı olub. Bu kənd ərazisində 800 yaşı olan, 1983-cü ildə xüsusi qorunma statusu almış Şərq çinarı olub. Lakin işğal zamanı barbarlar ağacı kəsib, məhv etməyə çalışıb. Bununla kifayətləməyən vandallar Şərq çinarını yandırıb. Kənd işğaldan azad ediləndən sonra, yazın gəlişi ilə ağac hər tərəfindən pöhrələnib. Sanki Şərq çinarı da azad olunduğunu söyləyir.

Erməni ekoterroru nəticəsində Qubadlı rayonunun 6 240 hektar meşə sahəsi məhv edilib. İşğal dövrünədək isə rayonda mövcud 13 994 hektar meşə fondu torpağının 10 624 hektarı meşə ilə örtülü olub.

Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 25 oktyabr 2020-ci il ildə Azərbaycanın şanlı ordusu canı və qanı bahasına Qubadlını işğaldan azad edib.

İşğal zamanı düşmən şəhər və kəndlərimizi, tarixi abidələrimizi dağıtmaqla yanaşı, meşə sahələrini də məhv ediblər. Vandallar burada olan bütün ağacları kəsərək satıblar.

Qubadlı ərazisində 1970-ci illərin sonlarında böyük tut plantasiyaları olub. Hazırda isə ərazilərdə ağacların qurumuş kötük hissələri qalıb.

Ermənilər meşə sahələri ilə yanaşı, flora və faunamıza da ziyan vurub. Qubadlı rayonu ərazisindən Bərgüşad və Həkəri çayları keçir. Bu çaylar rayonun Qaralar kəndi yaxınlığında Həkəri çayı ilə birləşib Araza tökülür.

Bərgüşad çayı başlanğıcını Ermənistanın Zəngəzur silsiləsinin şimal yamacında, 3 040 m yüksəklikdəki Zalxa gölündən götürür. Ümumi uzunluğu 158 km olan çayın 40 km-i Qubadlı rayonu ərazisindən keçir. Çay Ermənistan ərazisində çirklənməyə məruz qalır.

Həkəri çayın isə başlanğıcını Kiçik Qafqazın Mıxtökən silsiləsindən (Kəlbəcər rayonu) götürür. Ümumi uzunluğu 113 km olan çayın 30 km-i Qubadlı rayonu ərazisindən keçir.

Səfər zamanı Qubadlıda 750-yə yaxın ağac əkilib, Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə 1 000 ədəd qızıl xallı farel balıqları çaya buraxılıb.

Son xəbərlər

Orphus sistemi