Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Kirovka kəndinin adının dəyişdirilməsi prosesinə başlanılıb. Prosedurun həyata keçirilməsində “Azadlıq xartiyası” əsas götürülüb. Belə ki, 2011-ci ildə Gürcüstanda qəbul olunmuş qanunla ölkə ərazisində coğrafi adlarda sovet və kommunizm dövrünün xadimlərinin adlarının istifadəsi qadağan edilib.
Yeni ad kimi Mtsvane qora (yaşıl/göy təpə) və Meqobroba (dostluq) adları nəzərdə tutulub. Kənd sakinləri Kirovka adının götürülməsinin tərəfdarıdırlar. Lakin yeni adla bağlı soydaşlarımızın əsaslandırılmış təklifi var.
“Report”un yerli bürosunun əməkdaşları Kirovkada olublar və sakinlərin kəndin adı ilə bağlı fikirlərini və təkliflərini öyrəniblər.
Kəndin təsviri
Kirovka Debed çayının sol sahilində Dəmyə-Gorarxı, Beytarapçı, Sadaxlı və soydaşlarımızın yaşadığı digər kəndlərlə həmsərhəddir. 2014-cü ildə aparılmış son siyahıyaalmaya əsasən, əhalisinin sayı 663 nəfərdir. Hazırkı say dəqiq bilinmir. Kənddə 150 ev var və azərbaycanlılarla yanaşı iki erməni ailəsi də yaşayır. Sakinlərlə söhbət zamanı məlum olur ki, kənddə 60 gürcü ailənin mülkiyyətində olan torpaq sahəsi də var. Əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur. Kirovkada bir məscid və bir məktəb var. Məktəbin acınacaqlı durumu soydaşlarımızı narahat edən bir nömrəli məsələdir. Təhsil ocağı barədə bir qədər sonra.
Tarixi ad - Mamey
Sakinlərlə söhbət zamanı bəlli olur ki, kəndin tarixi adı Mamey olub. Bu ada Gürcüstanda 1983 və 2006-cı illərdə dərc olunmuş ensiklopedik toplularda da rast gəlinir. Toponimin mənşəyinə gəlincə, sakinlər bu barədə dəqiq məlumata malik olmadıqlarını bildiriblər. Lakin bəzi mənbələrdə Mamey kəndini İranın İsfahan vilayətindən köçürülmüş "tatar ailələrin" (azərbaycanlılar-red.) saldığı qeyd olunub. Kirovka kəndinin sakinləri də məhz bu adın bərpasını istəyirlər. Onların sözlərinə görə, yeni ad fikirləşməyə heç bir lüzum yoxdur.
“Mamey adı inkar edilir”
Bu yaxınlarda Marneuli meriyasının nümayəndələri kəndə baş çəkiblər və təklif olunan adlarla bağlı sakinlərin rəyini öyrəniblər. Kənd sakini Adil Məhəmmədov bildirib ki, iki addan biri – Göy təpə adı daha məqbul hesab olunub, lakin quraşdırılacaq lövhədə adın gürcücə Mtsvane qora versiyası ilə yanaşı Azərbaycan dilindəki tələffüzünə uyğun formada, yəni "Qoy tapa" kimi yazılması da təklif olunub.
O, dədə-babadan kəndin adının Mamey olduğunu deyib:
“Kəndimiz 1945-ci ildən Kirovka adlanır. Lakin buna baxmayaraq, hər yerdə Mamey deyirlər. Biz sakinlər bu adın bərpasını tələb edirik. Bizimlə məsləhətləşmələrin aparılmasını müsbət qiymətləndiririk. Lakin prosesin gedişatından anlaşılır ki, Mamey adı inkar edilir və Mtsvane qora adı veriləcək. Sakinlər arasında birlik və möhkəm iradə olsa, istəyimizin həyata keçəcəyinə ümid edirəm”.
Müsahibimiz xatırladıb ki, 1980-ci ilin əvvəlində Marneulinin ən böyük kəndi olan Sadaxlının adının dəyişdirilməsinə cəhd olub: “Sadaxlıda Giorgi qalası olub və kəndin adını bu qalanın adı ilə “Giorgis tsixe” adlandırmaq istədilər. Lakin kənd rəhbərliyi və sakinlər tarixi adı qoruyub saxlaya bildilər. Çünki kənddə adın dəyişdirilməsini heç kəs dəstəkləmədi”.
Kənddə yaşayan iki erməni ailəsinin adla bağlı fikrinə gəlincə, A.Məhəmmədov qeyd edib ki, onların bu məsələ ilə bağlı nə bir fikri, nə də marağı var.
Digər sakin Canpolad İbadov da bildirib ki, Mamey adının bərpasını bütün kənd camaatı dəstəkləyir. Onun sözlərinə görə, 2-3 il bundan qabaq bir tanışı Sankt Peterburqdakı arxivlərdən birindən kəndin adının Mamey olduğunu təsdiqləyən sənəd əldə edib. Sənədin surəti bələdiyyənin kənd üzrə nümayəndəliyinə təqdim olunub:
“Vaxt vardı kəndin adı üçün çay qırağı mənasını verən bir ad da fikirləşmişdilər. Köhnə adı varsa, niyə başqa yeni ad qoyulmalıdır? Bu kənd Kirovka deyil, Mamey kimi daha çox tanınır. Meriya nümayəndələrinə fikrimiz bildirildi ki, tarixi adın bərpasını istəyirik. Tarixi ad Mameydir, bu ad da verilsin. Mtsvane qora sözü dilimizə belə yatmır. Kəndimizi soruşanda adını deməkdə çətinlik çəkəcəyik”.
Sakinlər kəndin tarixi adını bərpa etməyə nail ola bilərlərmi?
Kənd sakinləri adın dəyişdirilməsi prosesinə cəlb olunmaları xahişi ilə Marneuli meriyası və bələdiyyə rəhbərliyinə müraciət ünvanlayıblar. Onlar ümid edirlər ki, təklif və istəkləri nəzərə alınacaq.
Bəs Gürcüstan qanunvericiliyinə əsasən toponimin dəyişdirilməsi prosesi necə həyata keçirilir? Sualımızı cavablandıran hüquqşünas Kamral Amcanoğlu bildirib ki, kəndə yeni adın verilməsi məsələsində yerli icmanın fikri mütləq nəzərə alınmalıdır:
“Çünki yeni toponim icma üçün zidd və qəbuledilməz ola bilər. Kənd və digər yaşayış məntəqəsinə adı yerli özünüidarəetmə orqanı verir, təklif isə icmadan olmalıdır. Qanunvericiliklə əlavə tənzimlənmə nəzərdə tutulmayıb”.
Ekspertin sözlərinə görə, Mamey adının bərpası tələbi ilə sakinlərin müraciəti mütləq nəzərə alınmalıdır: “Aidiyyəti qurumların müraciəti nə qədər nəzərə alacaqları başqa məsələdir. Lakin sakinlər müraciəti ərizə formasında mütləq yazılı formada bildirməli və yazılı qayda da cavab tələb etməlidirlər. Kəndin adı orada yaşayanlara maraqlıdır. Onların qəbul etmədiyi ad verilə bilər. Buna görə də kənddə yaşayan insanların fikirləri mütləqdir”.
Uzun illərdir təhsilə yararsız məktəb
Sonda Kirovka sakinlərini uzun illərdir ciddi narahat edən kənd məktəbinin vəziyyətinə toxunaq. Onların sözlərinə görə, son 15-20 il ərzində bu problem müvafiq dövlət qurumları qarşısında dəfələrlə qaldırılsa da, hələ heç bir reaksiya yoxdur. Natamam ictimai məktəbin bərpasına indiyədək, ən çox da seçkilərdən seçkilərə yalnız boş vədlər verilib. Məktəbin binası təhsilə yararsızdır, bərbad hala düşüb. Tikilinin bərpaya deyil, yenidən inşa olunmasına ehtiyac var.
Müasir tələblərə çoxdan cavab verməyən məktəb hazırda bağlıdır. Pandemiya dövrü başlayandan bağlı olan köhnəlmiş təhsil ocağı əyani tədrisin bərpa olunmasına baxmayaraq, qapılarını şagirdlərinin üzünə hələ aça bilmir.
Sakinlər bildiriblər ki, bu il məktəbin birinci sinfinə 10-15 uşaq qəbul olunmalıdır, amma onlardan yalnız 4-nün sənədi təqdim olunub. Valideynlər uşaqlarını qonşu kəndlərdəki məktəblərə göndərməyə məcburdurlar. Hazırda müəllimlər şagirdlərə distant qaydada dərs keçir. Lakin kənddə yaşayan ailələrin böyük əksəriyyəti məktəbli övladlarını internetə qoşulması üçün mobil telefonla təmin etmək imkanında deyil. Məktəblilərin əksəriyyəti məcburən təhsildən kənar qalıb.
Uşaqların gələcəyi təhsil ocaqlarından başlayır. Təəssüflər olsun ki, Kirovka kəndində yaşayan kiçik soydaşlarımızın gələcəyi bu ocaqdan uzaq düşüb. Kənd ağsaqqalları gələcək nəslin savadsızlığa düçar olunmasından həyəcan təbili çalır.