İki qitənin mirvarisi - İstanbul

İki qitənin mirvarisi - İstanbul Bu ölkədə hər kəsin öz Türkiyəsini kəşf edəcəyinə şübhə yoxdur
Multimedia
19 Mart , 2021 20:31
İki qitənin mirvarisi - İstanbul

Koronavirus pandemiyası üzündən bir ildən çoxdur xarici ölkələrə getməkdən məhrum olmuşduq. Nəhayət, bir sıra ölkələrdə məhdudiyyətlər qismən yumşaldıqdan sonra tətili harada keçirmək barədə götür-qoy edə bilirik. Şəxsən mən uzun müddətdir qardaş Türkiyənin ən böyük şəhəri, iqtisadi və mədəni mərkəzi, gözəl İstanbulda olmağı arzulayırdım. Bu qədim, möhtəşəm şəhərin bənzərsiz ab-havasını duymaq, müasir və tarixi yerlərini dolaşmaq, əsrlərin yadigarı olan abidələrini, bazarlarını görmək istəyirdim.

Belə bir fürsətin pandemiyanın qızğın dövründə qarşıma çıxacağını doğrusu, ağlıma da gətirməzdim. Hərçənd karantin tədbirlərinə ciddi əməl olunduğu İstanbul bu mənada təhlükəsizmiş. Üstəlik, Türkiyə dünyada ilk olaraq “Safe Tourism” sistemini artıq bir ildir tətbiq edir. Yerli bələdçilərin dediyi kimi, hətta hazırkı çətin dövrdə də hökumət turizmi inkişaf etdirmək, ölkənin görməli yerlərini turistlərin üzünə açmaq üçün əlindən gələni edir.

Ölkənin başlıca turizm mərkəzi olan İstanbulla tanış olmaq, mühitinə qovuşmaq üçün bir-iki günün kifayət etmədiyi əvvəlcədən bəllidir. Mədəni mirası, memarlığı baxımdan bəlkə də dünyanın ən rəngarəng şəhəri olan İstanbul Avropa ilə Asiyanın qovuşduğu bölgədə yerləşərək həm də mədəniyyətlərin, sivilizasiyaların qovşağıdır. Müxtəlif dövrlərdə Şərqi Roma, Bizans, Latın, Osmanlı imperiyalarının paytaxtı olmuş bu əsrarəngiz şəhərdə əsrlər boyu saysız-hesabsız mədəni irslər yaşayıb, qaynayıb-qarışıb. Nəticədə İstanbulda insanı ovsunlayan, heyran edən mühit əmələ gəlib ki, buraya bir dəfə gələndə təkrar-təkrar gəlmək istəyirsən, bu şəhərdən doymaq olmur. İstanbul hər kəsin istədiyini tapa biləcəyi şəhərdir. Mənim üçün hər bir şəhərdə əsas cəhət ona xas olan məxsusi ruhudur. Bu mənada İstanbulun möhtəşəm məscid, kilsə və sinaqoqları, rəngarəng bazarları, geniş bulvarları, qədim məhəllələri, nəhayət, bu bənzərsiz şəhərin görkəminə xüsusi rəng qatan, addımbaşı qarşınıza çıxan pişiklər İstanbulun özünəməxsus dünyasını əmələ gətirir.

İstanbul boğazının hər iki sahilində yerləşən İstanbul şəhərinin Avropa və Asiya hissələrini dörd körpü və son vaxtlar boğaz dibinin altından tikilmiş Marmaray deyilən dəmir yolu xəttinin keçdiyi tunel birləşdirir. Avropa hissəsində həyat daha qaynardır, tarixi abidələrin, məkanların əksəriyyəti də burada yerləşir. Asiya hissəsi daha çox nisbətən sakit bulvarları, həmçinin yeni, mənzil qiymətləri milyonlarla dollarla ölçülən elit yaşayış sahələrilə tanınır.

İstanbul mənzərələrinə təkcə füsunkar sahil bulvarlarından yox, həm də 60 metrlik hündürlüyə malik qədim Qalata qülləsindən (qalasından) tamaşa etmək olar. Bu qüllənin kəlləsində yerləşən dairəvi tamaşa meydançasından məşhur Aya Sofiya (Hagia Sophia), Sultan Əhməd və Süleymaniyyə məscidləri, şəhərin simasını təyin edən onlarla digər abidə təfərrüatı ilə göz önünə gəlir.

Aya Sofiya

Təmtəraqlı Aya Sofiya UNESCO siyahısında olan dünya şöhrətli memarlıq abidəsidir. Hələ IV əsrdə, Şərqi Roma imperiyası dövründə ortodoks məbədi kimi tikilmiş bu abidə XV əsrdə şəhərin Osmanlı fəthindən sonra məscidə çevrilərək müsəlmanların etiqad yeri olmuş, 1935-ci ildə isə burada muzey təsis edilmişdir. 2020-ci ilin yayında hökumətin qərarı ilə Aya Sofiyanın yenidən məscidə çevrilməsi həm ölkədə, həm xüsusilə də xaricdə birmənalı qarşılanmadı, hətta Avropa İttifaqı bu qərarı qınayan bəyanat da verdi. Amma məscidə çevrilən bu qədim abidəyə əvvəlkitək hər kəs gələ bilir. Yalnız içəri girərkən ayaqqabını çıxarıb xüsusi yerə qoymaq, gündə beş dəfə qılınan namaz vaxtı isə qadınların ayrıca bölümə keçmələri lazım gəlir.

Aya Sofiya sehrli, saf enerji saçan bir məkandır. İbadətlərin bərpası nəticəsində bu məbədə sanki ilkin ruhunun geri qaytarıldığını deyə bilərəm.

İstanbulda bazarlıq və bazarlar

İstanbulda bazarlıq etmək Türkiyəyə ayrıca səyahətin səbəbi olmağa layiqdir. Bu şəhərdə saysız-hesabsız dükanlar, alış-veriş mərkəzləri arasında hər zövqə və hər cibə uyğun olanı tapmaq mümkündür. Lakin İstanbula gəlib təkcə şəhərin yox, dünyanın ən böyük və ən qədim qapalı ticarət mərkəzləri olan Qapalıçarşıya (Grand Bazaar, yəni Böyük Bazar) və Misirçarşısına (Spice Bazaar – ədviyyat bazarı) baş çəkməmək böyük qəbahət olardı. Hər ikisi çox gözəl, təmtəraqlıdır. 4 minədək dükanın fəaliyyət göstərdiyi Qapalıçarşıda az qala ürəyiniz istəyən nə varsa, tapa bilərsiniz. Üstəlik burada hədsiz müsbət təəssürat da əldə edəcəksiniz. Qapalıçarşıya yolunuzu salsanız, xalis türk qəhvəsindən də içməyi unutmayın. Misirçarşısına isə sırf türk şirniyyatı və ədviyyatı üçün gəlmək məsləhətdir.

Müasir tərz bazarlığa gələnlər isə İstanbulun alış-veriş mərkəzlərini, küçələrini, sıralarını günlərlə, hətta həftələrlə gəzib-dolaşa bilərlər.

İstanbudan Çanaqqalaya

İstanbul yaxınlığında mütləq getməli olan yer Gelibolu (Gallipoli) yarımadası və Çanaqqala şəhəridir. Çanaqqalaya İstanbuldan 4-5 saata gəlib çatmaq olur. Hərçənd şərab həvəskarlarının, yaxud sadəcə şəhərin səs-küyündən uzaqlaşmağı xoşlayanların vilayət mərkəzi Təkirdağ ətrafındakı üzüm bağlarında bir qədər ləngiməsi məsləhətdir. Həmin bağlar arasındakı şərab fabrikasında fəaliyyət göstərən Təkirdağ Şərab Evində yerli istehsal olan füsunkar şərablardan dada bilərsiniz. Həmçinin həmin yerlərin axşam qürubuna da qırmızı, yaxud ağ Təkirdağ şərabından qurtumlaya-qurtumlaya tamaşa etmək ayrı bir aləmdir.

Maraqlananların nəzərinə çatdırım ki, Türkiyədə spirtli içkilər bizdəkindən bahadır. Belə ki, bir şüşə şərabın orta qiyməti 100 lirə, yəni 22-24 manatdır. Amma yerli şərabların keyfiyyəti və dadı bu artıq xərci insana büsbütün unutdurur.

Çanaqqalaya doğru yola davam edərkən Çanaqqala boğazı üzərindən inşa edilən “Çanakkale 1915” adlı böyük körpünün tikintisini də görəcəksiniz. Ümumi uzunluğu 3 563 metr təşkil edəcək yeni körpünün orta halqası isə 2 023 metrlik uzunluğuna görə dünyada birinci yerə sahib olacaq. Körpünün orta halqasını saxlayan dirəklərin hündürlüyü də 318 metr nəzərdə tutulub. Prezident Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, hazırda bərə ilə saat yarım vaxt sərf edilən yolu körpü vasitəsilə avtomobillə 6 dəqiqəyə qət etmək mümkün olacaq. Bələdçimiz bu körpünün 2023-cü ilədək istifadəyə veriləcəyini dedi.

Amma şəxsən mən Çanaqqala boğazını bərə ilə keçməyimizə qətiyyət pəjmürdə olmadım. Çünki bərədən ətrafın möhtəşəm gözəlliyinə, o cümlədən şəhərə tamaşa etmək məni valeh etdi. Kiçik liman şəhəri olan Çanaqqalada 1915-ci ildə aylarla davam etmiş, müasir Türkiyədə dastanlaşdırılmış məşhur döyüş nəticəsində Osmanlı ordusu Antanta ölkələrinin birləşmiş qüvvələrini məğlub edərək türk dövlətçiliyi üzərindəki təhlükəni dəf etməyə müvəffəq olmuşdu. Çanaqqala limanındakı xudmani kafelərdə son dərəcə ləzzətli türk qəhvəsi verirlər. Həmin kafelərdən birində bərə gözləyə, yaxud sadəcə Çanaqqala boğazının əsrarəngiz mənzərəsindən feyziyab ola bilərsiniz.

Troy

Çanaqqala yaxınlığında, boğaza girişdə hələ Homerin məşhur “İliad” və “Odissey” dastanlarında təsvir edilmiş, hazırda UNESCO-nun dünya mirası siyahısına salınmış qədim Troy (Truva) şəhərinin viranələri yerləşir. Tarix boyu bir çox sərkərdələri, hökmdarları, şair və sənətkarları, mütəfəkkirləri görmüş Çanaqqalada əfsanəvi Troya müharibələrinin yadigarı taxta at maketi indiyədək qorunub saxlanılır. Həmçinin Çanaqqala limanında da eynilə quraşdırılmış “Troy atı” 2003-cü ildə “Troya” filmində çəkilmiş, çəkiliş başa çatandan sonra isə şəhərə hədiyyə edilmişdi. Həmçinin 2018-ci ildə Troya viranələri yaxınlığında modern üslubda tikilərək açılmış Troya muzeyində arxeoloji qazıntılar zamanı aşkarlanmış nadir nümunələr sərgilənir.

Qədim Assos, yaxud Bəhramqala şəhəri

Troyadan bir saatlıq məsafədə, Ege dənizi sahilində, Çanaqqalanın cənubunda antik çağa məxsus daha bir şəhər olan Assos yerləşir. Deyilənə görə hələ Aristotelin yaşadığı Assos filosoflar şəhəri kimi də ad çıxarıb. Şəhəri əhatə edən 4 kilometrlik qala divarının xeyli hissəsi günümüzə gəlib çıxıb. Yerli akropoldakı ilahə Afina məbədi Anadoludakı ən qədim dorian (qədim Yunanıstanda etnik qrup) məbədlərindəndir. Buradan Edremit körfəzinə gözəl mənzərə açılır. Assos qədim şəhəri ərazisində həmçinin XIV əsrə aid çox maraqlı məscid də var. Şəhərdə binaların böyük əksəriyyəti yerli tünd rəngli andezit daşından inşa olunub ki, bu da ətrafa xüsusi ab-hava bəxş edir.

Bütün bunlardan sonra Türkiyəyə bir daha getmək istəyimlə bağlı sual versələr, heç tərəddüd etmədən müsbət cavab verərəm. Bu ölkə ilə tanışlığım çox səthi, ötəri oldu. Türkiyənin hər bir guşəsi qədim tarixin saysız izlərini, bənzərsiz ab-havasını daşıyaraq unudulmaq təəssüratlar vəd edir. İlboyu mənalı istirahət imkanları yaradan bu ölkədə hər kəsin özünəməxsus bir Türkiyəsini kəşf edəcəyinə şübhə yoxdur.

Son xəbərlər

Orphus sistemi