Fevralın 24-də Rusiyanın Ukraynaya qəfil hücumunun ardınca işğal olunan Kiyev vilayətinin Çernobıl şəhərində əsas narahatedici məqam buradakı Atom Elektrik Stansiyasının (AES) taleyi ilə bağlı idi.
"Report"un Şərqi Avropa bürosunun əməkdaşı, bir aydan çox işğal altında qalmış bu ərazidə olub.
Burada stansiyanın 1986-cı ildən sonra növbəti dəfə partlayışa məruz qalaraq radiasiya fəlakətinə səbəb olma riski yaranmışdı. Aprelin 1-dən Kiyev vilayətinin işğal olunmuş digər əraziləri kimi Çernobıl Ukrayna tərəfindən azad olundu. Əldə etdiyimiz məlumata görə, bura Rusiya qüvvələrinin işğalında olarkən AES-in 100-dən çox əməkdaşı Rusiyanın mühasirəsində olub.
İşğal zamanı burada olan Rusiya əsgərləri çoxsaylı xəndəklər, üzü Kiyevə doğru atəş məntəqələri yaradıblar. Hətta Çernobılın girişində ukraynalılar tərəfindən simvol kimi saxlanılan SSRİ yol milisi maşınını da gülləbaran ediblər...
İşğaldan azad olunan zaman Çernobılda daha bir risk ehtimalı yarandı. Belə ki, şəhərdən və ətrafdan çıxan Rusiya ordusu bütün ərazini minalayıb, bu azmış kimi daha çox meşəlikdən ibarət ərazidə yanğın törədib. Yerli hərbçilərin bildirdiyinə görə, bütün şəhər və ətraf ərazilərin yol kənarı da daxil olmaqla bütün hissələri hazırda minalanmış vəziyyətdədir. Əksər yerlər mina xəbərdarlığı ilə işarələnib.
Bütün işğal müddətində evini tərk etməyən Çernobıl sakini Yevgeniy Markeviç deyir ki, onlar (rus əsgərləri) burada olanda ona və evinə toxunmadılar:
"Amma evini tərk etmiş qonşuların evlərini talan etdilər", - deyə, o əlavə edib.