Özümü 18 yaşındakı cavan oğlan kimi hiss edirəm, ruhən kreativəm, çox şükür gümraham, həyatı sevirəm, Allaha inanıram və ona təvəkkül edirəm... Amma artıq tükənmişəm!
Bu sözləri "Report"a müsahibəsində 52 yaşını tamamlayan Əməkdar artist, aktyor Bəhram Bağırzadə deyib.
Əksəriyyətin “Planet Parni iz Baku” KVN Teatrının aktyoru kimi tanıdığı Bəhram Bağırzadə hazırda naşirliklə məşğul olduğunu, uşaqlarla ünsiyyətdən zövq aldığını vurğulayıb.
Səsləndirdiyi fikirləri ilə tez-tez gündəm olan aktyor bir çox məqama aydınlıq gətirib.
B.Bağırzadə deyir ki, yenidən həyata gəlsəydi, müəyyən vərdişlərdən uzaqlaşardı: "Siqaret, içki kimi vərdişlərimdən, şükürlər olsun ki, uzaqlaşa bildim. 25 il əvvəl anama, sonra isə atama söz verdim ki, içki içməyəcəm, siqaret çəkməyəcəm və o vaxtdan bu vərdişlərdən imtina etdim. Allah onlara rəhmət etsin, bu gün onlar üçün çox darıxıram, çünki burada tənha qalmışam. Allaha da həmişə dua edirəm ki, o dünyaya köçəndə onlarla görüşməyi mənə qismət eləsin".
Aktyor, həmçinin onu yanlış anlayanlara da səslənib: "Məni başa düşməyən insanlar gecələr yatan zaman mənim kimi düşünməlidirlər. Onlar məni anlaya bilsələr, deyəcəklər ki, Bəhram həqiqətən də düz deyir. Şəhərdə tum çırtlayıb yerə tüpürmək olmaz axı, işıqforda söyüş söyüb qışqırmaq olmaz, hələ zibili doqquzuncu mərtəbədən aşağıya atanlar var. Söhbət tək rayondan getmir, heç mən rayon adını da çəkməmişəm. Demişəm ki, insanlar şəhərə gələndə özlərini düzgün aparmırlar".
O, müsahibəsində işsizlikdən şikayətlənən insanlar, parlament seçkiləri, eləcə də tənqid olunduğu rəqsindən və bu kimi mövzulardan da söz açıb.
Daha ətraflı videomüsahibəni təqdim edirik:
Video: Vüqar Xanlarov