Tikilinin bərpası istiqamətində irəliyə addım atılıb
Tbilisidə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin ev-muzeyi, daha doğrusu onun acınacaqlı vəziyyəti mətbuatımızda geniş işıqlandırılıb.
“Report”un Gürcüstan bürosu da bu mövzunu hər zaman diqqətdə saxlayıb.
Hələ 2019-cu ilin aprel ayında muzey haqqında “Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyi: bina uçub dağılır, eksponatlar yoxa çıxıb” başlıqlı reportajı oxuculara təqdim olunub.
1998-ci ildə Tbilisinin mərkəzində, Besiki küçəsi, 24 ünvanında açılan Mirzə Cəlilin ev-muzeyinin yerləşdiyi bina “Molla Nəsrəddin” jurnalının birinci və sonrakı 300-dən çox nömrəsinin nəşr olunduğu məkan olaraq Azərbaycan üçün böyük dəyərə və əhəmiyyətə malikdir. Muzeyin yerləşdiyi ikimərtəbəli binanın bütünlükdə C.Məmmədquluzadəyə məxsus olması barədə məlumatlar da var.
Qeyd olunan materialın dərcindən ötən üç il ərzində qəzalı və baxımsız ev-muzeyinin bərpası məsələsi ölü nöqtədən tərpənməyib. Gürcüstanın aidiyyəti qurumlarının laqeydliyi, binada yaşayan sakinlərin məsələni lazımi səviyyədə gündəmdə saxlaya bilməməsi və koronavirus pandemiyası prosesə hər hansı bir canlanma gətirməyib.
Bu ilin fevralın 13-də Gürcüstanda baş vermiş və Tbilisidə də hiss olunmuş 6,2 bal gücündə zəlzələ muzeyin yerləşdiyi yaşı 200-dən çox olan binanı daha da qəzalı edib. Uzun illərdir əsaslı təmirin aparılmadığı qədim bina üçüncü dərəcəli qəzalı tikili kimi tanınıb. Bu, binanın deformasiyaya uğramış, uçuq-sökük fasadından da aydın görünür. Güclü zəlzələdən sonra binanın qəzalılıq vəziyyəti daha da kəskinləşib, tikili hər an uçmaq təhlükəsi ilə üz-üzədir.
Azərbaycanın Gürcüstandakı səfirliyi məsələni gündəmdə saxlamaqda davam edir və tikilinin bərpası istiqamətində irəliyə addım atılıb. Bu günlərdə Azərbaycan səfiri Faiq Quliyev muzeyə 2019-cu ildən nəzarət edən Gürcüstanın Azərbaycanlı Ağsaqallar Şurasının sədri İsaq Novruzov, sakinlərin nümayəndəsi İrina Kiasaşvili və binanın möhkəmləndirilməsi üzrə layihə hazırlayan mütəxəssislərlə görüş keçirib. Bildirilib ki, tikilinin fundament və divarlarının möhkəmləndirilməsi üzrə son layihə 2017-ci ildə hazırlanıb. İşlər üçün tələb olunan vəsait 100 min lari (təxminən 33 min ABŞ dolları) məbləğində hesablanıb. Vəsaitin 90 faizini Tbilisi meriyası öz üzərinə götürəcəyini bildirib, yerdə qalan hissəni isə sakinlər ödəməlidirlər. Son beş ildə tikinti materialları bazarında bahalaşma və binada qəzalılıq səviyyəsinin artması layihənin yenilənməsini zəruri edib. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ekspertiza rəyinin hazırlanması üçün tələb olunan və sakinlərin üzərinə düşən xərci qarşılamağa hazır olduğunu ifadə edib. F.Quliyev bildirib ki, binanın möhkəmləndirilməsi məsələsi ilk növbədə orada yaşayanların marağında olmalıdır. Səfir prosesin sürətləndirilməsi prosesində sakinlərin fəallığının tələb olunduğunu qeyd edib. Diplomatik nümayəndəliyimiz binada möhkəmləndirmə işlərinin sürətləndirilməsinə təkan vermək məqsədilə Gürcüstanın aidiyyəti dövlət qurumları ilə təmasları fəal şəkildə davam etdirəcək.
Ev-muzeyinin yerləşdiyi binaya səfirliyin məsul əməkdaşı Ramel Lətifov və mütəxəssislərlə birgə baxış da keçirilib. Mütəxəssislər bildiriblər ki, son 5 ildə binanın fasadı və interyerindəki mövcud çatlar dərinləşib, yeniləri yaranıb. Vurğulanıb ki, bina tarixi olduğundan aparılacaq bərkitmə işləri müvafiq qanunvericiliyə uyğun və xüsusi icazə əsasında həyata keçirilməlidir. Binanın əsaslı şəkildə möhkəmləndirilməsi üçün yeni ekspertiza aparılmalı və layihənin dəyəri korreksiya edilməlidir. İ.Kiasaşvili bildirib ki, yaxın günlərdə sakinlərin binadakı cari vəziyyətlə bağlı narahatlığı və onun bərpasının zəruriliyi barədə Tbilisinin Mtatsminda rayon idarəsini məlumatlandıracaq. O, məsələni diqqətdə saxladığına və dəstəyə görə sakinlər adından Azərbaycan səfirliyinə minnətdarlığını bildirib.
Hazırda muzeyin otaqları, vitrinləri və eksponatları baxımsızlıqdan qalın toz qatı və hörümçək torları ilə örtülüb. Mirzə Cəlil ocağının bu acınacaqlı vəziyyəti böyük təəssüf hissi doğurur. Zəlzələdən sonra otaqlarda təmizlik işləri aparmaq belə təhlükəlidir. Ekspozisiya əsasən “Molla Nəsrəddin” jurnalının nüsxələrinin, müxtəlif fotoşəkillərin surətləri, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq və Nizami Gəncəvinin portretləri, köhnəlmiş tar və kamançadan, məişət əşyalarından ibarətdir.
İ.Novruzov zəlzələdən sonra tikilidə vəziyyətin daha da ağırlaşdığını bildirib. Onun sözlərinə görə, zəlzələdən sonra divardakı çatlar daha da dərinləşib, daş parçaları qoparaq döşəməyə düşüb:
“Güclü zəlzələdən sonra vəziyyət daha da gərginləşib. Binada 9 ailə yaşayır. Sakinlər çox narahat və səksəkə içindədirlər ki, bina bu gün-sabah uça bilər. İkinci mərtəbədə yerləşən mənzillər daha ağır vəziyyətdədir. İlk növbədə, binanın divarları hərtərəfli bərkidilməli, daha sonra təmir işlərinə başlanılmalıdır”.
İ.Novruzov bildirib ki, Tbilisi meriyası binanın divarlarının möhkəmləndirilməsi üçün tələb olunan vəsaitin böyük hissəsini ödəməyə razılıq verib: “Yerdə qalan hissəni isə sakinlər ödəməlidirlər. Bu işlərə tələb olunan xərclər bir neçə il öncə hesablanıb. Lakin təkrar hesablanmaya ehtiyac yaranıb. Belə ki, pandemiya başlayandan proses dayandırılıb. Hazırda inşaat materiallarının qiymətləri dəyişərək artıb və yeni layihə hazırlanmalıdır”.
İ.Novruzovun sözlərinə görə, ev-muzeyi Gürcüstanda Azərbaycan mədəniyyətinin bir hissəsidir: “Təəssüflər olsun ki, bu məkan nə mədəniyyətimiz, nə də muzey adına layiqdir. Binanın fasadında Cəlil Məmmədquluzadənin barelyefini görüb muzeylə tanış olmaq istəyən turistlərə tez-tez rast gəlinir. Amma qapı bağlıdır, muzey bərbad vəziyyətdədir, heç bir dəyərli eksponat da qalmayıb. Mədəniyyət evimiz təmir-bərpa edilməli, yaşadılmalı və tanıdılmalıdır. Lakin bu işdə hələ bir addım irəli atılmayıb ”.
Qeyd olunan barelyefin də yenilənməyə ehtiyacı var. Belə ki, C.Məmmədquluzadənin vəfat tarixi 1932-ci il əvəzinə 1931-ci il göstərilib.
Müsahibimizlə söhbət zamanı məlum olur ki, fəaliyyət göstərdiyi ilk illərdə muzeydən bir sıra dəyərli eksponatlar, həmçinin “Qeyrət” mətbəəsinin çap avandanlıqları, məişət əşyaları oğurlanıb. Oğurluqda muzeydə mühafizəçi kimi çalışan şəxs şübhəli bilinsə də, sübutlar aşkarlanmayıb. Həmin eksponatların “metallom”a satıldığı bildirilir.
İ.Kiasaşvili bizimlə söhbətdə bildirib ki, bir neçə il öncə bir investor binaya maraq göstərib və sakinlərlə danışıqlar aparıb. O, binanı bərpa edib mehmanxanaya çevirmək fikrində olub. Lakin sakinlərlə razılıq əldə olunmadığından iş adamının planı baş tutmayıb.
Sonda bir məqamı mütləq qeyd etmək lazımdır ki, Besiki küçəsində yerləşən binaların əksəriyyəti istismar müddətlərini çoxdan başa vurub, demək olar yaşayış üçün təhlükəsiz deyil. Küçənin Cəlil Məmmədquluzadənin ev-muzeyinin yerləşdiyi hissəsində son illərdə bir neçə bədbəxt hadisə yaşanıb. 2020-ci ilin noyabr ayında yaxınlıqdakı köhnə yaşayış evlərinin birində qaz sızmasından güclü partlayış, 2021-ci ilin martında isə başqa bir evdə yanğın baş verib. Üçüncü bədbəxt hadisə - güclü zəlzələ isə bu ilin fevralında olub. Növbəti bədbəxt və ya təbiət hadisəsinə qədər muzeyin bərpasına nail olmaq mütləq lazımdır. Əks halda, bina Mirzə Cəlil ocağı ilə birgə bərpa gününə qədər ömrünü başa vuraraq tarixə qovuşa bilər. Zaman əleyhimizə işləyir. Gələn il muzeyin fəliyyətə başlamasından 25 il ötəcək. Mədəniyyət ocağına bu əlamətdar tarixə qədər yeni həyatın bəxş ediləcəyi ümidi ilə...
“Report”un Gürcüstan bürosu məsələni diqqətdə saxlamaqda davam edəcək.