Xalça toxuyur, tikiş tikir, çörək və şiriniyyat bişirir, müxtəlif suvenirlər hazırlayırlar...
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadın məhbusların cəza çəkməsi üçün nəzərdə tutulan 4 saylı cəzaçəkmə müəssisəsindəki məhkumlar fərdi əməyə və istehsalata cəlb ediliblər.
“Report” sözügedən cəzaçəkmə müəssisəsindən videoreportaj hazırlayıb.
İstehsalat sahələrinin təşkili üçün cəzaçəkmə müəssisələrinə iş adamları dəvət olunaraq, müxtəlif istehsalat sahələrinə aid olan sexlər yaradılır.
Məhbuslarla əmək müqaviləsi bağlanaraq, ödəniş edilməklə əməyə cəlb edilir. Sənəti bilməyən şəxslər ya peşə məktəblərində, ya da elə sexdəki ustalar tərəfindən öyrədilirlər.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamına əsasən, azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması imkanlarının araşdırılması, bu fəaliyyətdə sahibkarların iştirakının stimullaşdırılması məqsədi ilə tədbirlər görülüb.