Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi, heykəltəraş Rahib Qarayev bir çox şəhidin xatirəsinə ucaldılmış abidələrin müəllifidir. O, Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun büstünü, Birinci Qarabağ müharibəsi qəhrəmanlarından Hakim Həsənovun və Rövşən Nəbiyevin büst və heykəlini hazırlayıb. Həmçinin Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılmış heykəlin müəlliflərindən biridir. O, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş mayoru, Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun büstünü hazırlayıb.
"Report"un əməkdaşı şəhid heykəllərinin müəllifi olan Rahib Qarayevin akademiyadakı iş yerində olub və onunla söhbətləşib.
O, müsahibəsində Azərbaycan xalqının igid övladlarının obrazlarını yaradaraq, onların xatirəsini əbədiləşdirməyi özünə mənəvi borc bildiyini deyib. Şəhid abidələrini təmənnasız hazırladığını bildirən heykəltəraş deyib ki, bundan sonra da şəhidlərin heykəl və büstlərini böyük fəxr hissi ilə təmənnasız hazırlamağa davam edəcək.
Şəhid heykəllərini işləməyin çox çətin olduğunu vurğulayan R.Qarayev bunun məsuliyyətli bir iş olduğunu qeyd edib: “Çünki heykəlləri hazır etdikdən sonra həmin şəhidlərin valideynləri, onların övladları ilə görüşürəm. Onlara büstləri təqdim edəndə doğmaları abidəni gördükdə qəhər boğur. Bu zaman mən də çox pis oluram. Bir tərəfdən sevinirəm, çünki valideyn baxır, çox xoşuna gəlir. Amma onların heykəlin önündə qəhərlənib ağlaması mənə təsir edir. Bir sözlə, o vəziyyəti görmək çox ağırdır”.
R.Qarayev öz əsərlərində şəhidlərlə yanaşı, həmin şəhidlərin qanı bahasına başa gələn 44 günlük zəfəri də əks etdirdiyini deyib. Belə ki, o həm də “Qarabağ” və “Zəfər” kompozisiyalarının müəllifidir.
Paralel olaraq Qarabağla bağlı digər materiallar üzərində işlədiyini deyən heykəltəraş bildirib ki, hazırda bu istiqamətdə görülən işlərin davam etdiyini qeyd edib: "Vətən müharibəsindən sonra beynimdə maraqlı kompozisiyaları canlandırdım və hazırlamağa başladım. Məsələn, “Qarabağ” kompozisiyasında Qarabağa aid olan və onu əks etdirən abidələri canlandırmağa çalışmışam. Üzeyir bəyin və Natavan xanımın ev muzeylərini, Yuxarı və Aşağı Gövhərağa məscidlərini, Xudafərin və Laləzar körpülərini, Saatlı məscidini, ən yuxarıda Şuşa qalasını və onları əhatə edən Xarıbülbülləri kompozisiyamda yığmışam”.
Rəssam “Zəfər” kompozisiyasında isə dəmir barmaqlıqdan qurtulan, əsirlikdən xilas olan Xarıbülbülü canlandırmağa çalışdığını bildirib. İndiyədək 15 şəhidin büstünü hazırlamış heykəltəraş bu işləri davamlı görəcəyini, bundan sonra daha 20 şəhid büstünü hazırlayacağını deyib. O, yeni ideyalar yarandıqca zəfəri əks etdirən kompozisiyaları hazırlayacağını qeyd edib.
Videoreportajı təqdim edirik:
Video: Mircavid Eminoğlu
Montaj: Rəvan Novruzov