Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Ermənilərin dinc sakinlərə qarşı törətdiyi soyqırım təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Heç vaxt unudulmayacaq Xocalı soyqırımının bu gün 29-cu ildönümü qeyd edilir.
Düz 29 il əvvəl bu gün 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində olub.
Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi də məlum deyil.
Bu günlərdə “Report”un əməkdaşı İsmayıl Nəsibli Xocalı soyqırımının izi ilə işğaldan azad edilən ərazilərimizə səfər edib. "Report"un çəkiliş qrupu əvvəlcə Ağdam “Cümə” məscidində olub. Yeri gəlmişkən, Cümə Məscidini erməni vandalları Ağdam şəhəri kimi dağıdıb. Məscidin yaxınlığında yerləşən tarixi abidələr, inzibati binalar, mədəniyyət mərkəzləri düşmən işğalı zamanı viran qoyulub.
Xocalı faciəsinin şahidlərindən biri olan İbrahim Həsənov da əməkdaşımızla birgə səfər edib. Onun 11 yaşı olanda erməni cinayətkarları Xocalıya hücum edib, dinc sakinləri qətlə yetirib. Həmin vaxt İbrahimin atası Ramil Həsənov doğma yurd-yuvasını qorumaq üçün özünümüdafiə batalyonunda xidmət edib. Qardaşı Mehdi Həsənov isə həmin vaxt Bakıda universitetdə təhsil alırmış. O, Xocalıda baş verən hadisələri eşidən zaman doğma el-obasına qayıdıb. Erməni quldurları Ramil Həsənovu qətlə yetirib, Mehdi Həsənov isə itkin düşüb.
İbrahim Həsənov “Report”un əməkdaşına bildirib ki, həmin vaxtdan qardaşını axtarmağa başlayıb, lakin hələ də onun sağ və ya ölü olması barədə məlumat əldə edə bilməyiblər:
"Xocalı soyqırımında ermənilər dayımgili - 11 nəfər cavan şəxləri, bibimi, onun həyat yoldaşını və üç oğlunu əsir götürdülər. Əmim, onun arvadı və qızından əvvəl xəbər ala bilmirdik, sonradan meyitlərini tapıb dəfn etdik. Digər bibim oğlunu isə tapmadıq".
İbrahim Həsənov qeyd edib ki, Xocalıdan anası ilə birgə əliyalın qaçandan sonra ailə üzvlərini onunla birgə axtarmağa başlayıb:
"Biz anamla bura, Ağdam “Cümə” məscidinə gəldik. Burada Xocalıda qətlə yetirilən, başı və bədəni kəsilən, işgəncə verilən, qarlı-şaxtalı havada donmuş şəxslərin meyitləri gətirilmişdi. Məsciddə qohumlarımızdan bibim və onun iki qızının meyitini tapa bildik. Xocalıda hər kəs kompakt şəkildə yaşayırdı. Demək olar ki, hamı bir-biri ilə qohum idi. Düşünürəm ki, Xocalıda ən çox bizim qohumların başına dəhşətli faciələr gətirilib".
Daha sonra əməkdaşımızla İbrahim Həsənov Ağdamın Şelli kəndinə yollanıb. O bildirib ki, 1992-ci ildə Xocalıda baş verən dəhşətli hadisə zamanı əliyalın insanlar Şelli kəndinə pənah gətiriblər. Erməni cinayətkarlarından qaçan xocalılar ilk olaraq bu kənd ərazisinə gəliblər. Şaxtalı-boranlı, qarlı havada gecə ilə evlərini tərk edən dinc sakinlərin imdadına çatıb şellilər. Onlar isti yuvalarını xocalılar üçün açıblar.
Həmin gecə Xocalı sakinləri Şellidə də dəhşətli faciələrlə üzləşib. Belə ki, ermənilər Xocalıdan qaçanları Şelli kəndi ərazisinə daxil olan zaman qətlə yetiriblər.
İbrahim Həsənov Şelli kəndində olan zaman həmin anları bir daha gözlərinin önünə gətirərib:
"Yadımdadır, özünümüdafiə batalyonu Xocalıda döyüşürdü. Həmin gün digər sakinlər kimi Xocalını tərk edəndə meşəlik ərazilərlə Ağdam istiqamətinə irəlilədik. Yolda Azərbaycan dilində danışan ermənilər bizim qabağımızı kəsib aladırdı ki, guya kömək edəcəklər. Dağlıq və meşəlik ərazilərdə ermənilər bizə güllə atırdı. Biz bir gecə səhərədək meşələri aşıb, Şelli ərazinə daxil olduq. Bu dağlarda da ermənilər bizi gülləbaran etdilər, bir neçə adam qətlə yetirildi, bəziləri qaçıb canını qurtardı, bəziləri isə düşmən tərəfindən əsir götürüldü. Ermənilər Xocalı sakinlərinin bir çoxunu qətlə yetirməklə yanaşı, onlara ağır işgəncələr də verirdilər. Düşmən baxmırdı ki, bu uşaqdır, qadındır, qocadır. Kim qabağına keçirdirsə, acımadan öldürürdü. Hətta kimin ağızında qızıl dişləri var idisə, çıxardırdılar. Əsir götürdükləri şəxsləri də işgəncə verə-verə qətlə yetirirdilər. Biz bu vandalizimi görüb, şahidi olduq. Uşaq ikən bu dəhşətli hadisə bizə psixoloji cəhətdən çox təsir etdi. Bir sözlə ailəm və qohumlarım erməni vandalizimin qurbanları oldu...
Hələ də həmin hadisələrdən danışanda özümü yaxşı hiss etmirəm, çox ağırdır. Bu, Azərbaycan xalqının başına gətirilən ən böyük faciə idi".
Səfər zamanı Xocalı faciəsinin şahidləri Ağdam-Əskəran yolunda da olub. Şahidlərin sözlərinə görə, 1992-ci ildə Ağdam-Əskəran yolunda minlərlə Xocalı sakini öz azadlıqlarına qovuşub. Həmin vaxt ermənilər dinc sakinlərimizi əsir götürüb. Onların imdadına Milli Qəhrəman Allahverdi Bağırov yetişib.
Belə ki, Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib. O, erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verib. Bir sözlə, Allahverdi Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı girovların erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub.
Səfərin sonunda Ağdam şəhər Şəhidlər xiyabanında Allahverdi Bağırovun və Xocalıda qətlə yetirilən şəxslərin məzarları ziyarət edilib, onların ruhuna dualar oxunub.
Video: Mircavid Eminoğlu
Montaj: Məhəmməd Ağayev