Ağcabədi rayonunda Zəfər Günü qeyd olunub.
"Report"un Qarabağ bürosu xəbər verir ki, Heydər Əliyev meydanında keçirilən tədbirdə yüzlərlə rayon sakini iştirak edib. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən I Qarabağ müharibəsi zamanı 1993-cü ildə Xocavənd rayonunda şəhid olan Camal İbrahimovun bacısı Nüşabə İbrahimova bildirib ki, Zəfər Günündə əldə olunan qələbə ilə Qarabağ uğrunda bu günə qədər şəhid olan bütün igidlərin qisası alındı: "Zəfər Günü səhər tezdən anamla birlikdə şəhid qardaşım Camal İbrahimovun məzarını ziyarət etdik. Mən ilk dəfə anamın Camalın məzarında ağlamadığının şahidi oldum. Anam onun sinə daşını qucaqlayıb, qardaşıma dedi ki, - "Gözün aydın oğlum, siz qalib gəldiniz. Rahat uyu". Biz bu zəfərin sevincini bizə yaşadan hər bir əsgərimizin adının qarşısında baş əyirik".
Daha sonra Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin atası Hikmət Qarayev çıxış edərək bildirib ki, oğlu Xüsusi Təyinatlı Qüvvələrin gizir olub və 44 günlük Vətən müharibəsində şəhid olub.
O, əlavə edib ki, Zəfər Günü Azərbaycan Ordusunun əldə etdiyi qələbə ilə oğlu Təhmasibin qisası alınıb.
Qeyd edək ki, Zəfər Günü rayonda silsilə tədbirlərlə qeyd edilir.