“Gəncədə 800-ə yaxın yəhudi yaşayır. Mən buraya birinci dəfə gəlmirəm. Hər dəfə buraya gəlməyə, bu kiçik icmanın genişlənməsinə, inkişaf etməsinə, yerli əhali ilə mehriban yaşamasına baxanda qəlbim fərəhlə dolur. Yeri gəlmişkən, Azərbaycanda yəhudi icması təkcə Gəncədə deyil, ölkənin bütün regionlarında sülh şəraitində, rahat yaşayır, bu ölkədə heç vaxt antisemitizm və milli ayrı-seçkilik halları müşahidə olunmayıb”.
“Report” xəbər verir ki, bu barədə Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqal bildirib.
Ravvin səfərinin kədərli hadisələrlə - Ermənistanın Azərbaycanın ikinci böyük şəhərinə raket hücumları ilə əlaqəli olmasından təəssüfləndiyini bildirib:
“Yerli yəhudilərlə danışdım. Onların dəhşətli raket bombardmanları şəraitində necə yaşamaları barədə söylədiklərini eşitdim. Mənə bildirdilər ki, bəzi sakinlərin evlərinə ciddi ziyan vurulub, uşaqlar gecə vaxtı qışqıraraq yuxudan oyanırlar. Əlbəttə, bütün bunlar çox dəhşətlidir. Dəhşətlidir ki, dinc əhali əzab-əziyyət çəkir, dinc vətəndaşlara vəhşicəsinə hücumlar edilir. Buna son qoyulmalıdır. Bu, çox pis haldır, dünya bunları eşitməli və bu vəziyyətə son qoymalıdır. Beynəlxalq birlik dinc əhaliyə qarşı bu vəhşicəsinə hücumları dayandırmalıdır. Mən birbaşa yaşayış məhəlləsinə getdim, bütün bu dəhşətli dağıntıları öz gözümlə gördüm”.
Şneor Seqal Ermənistan silahlı qüvvələri tərəfindən edilən raket hücumu nəticəsində yaralananların sağalması və dünyasını dəyişənlərin ruhunun şad olması üçün dua etdiyini də qeyd edib:
“Bundan sonra ordumuzun qələbəsi üçün dua edəcəyik ki, bütün bunlara tezliklə son qoyulsun, bütün döyüşçülər evlərinə sağ-salamat qayıtsınlar”.