Bu gün Vətən müharibəsi şəhidi Babayev İqbal Zəki oğlunun doğum günüdür. Şəhidin 26-cı doğum günündə paytaxtın Xətai rayonunda xatirə lövhəsinin açılış mərasimi olub. Həmçinin Birinci Qarabağ müharibəsi şəhidi Novruzov Asəf Aydın oğlunun da xatirə lövhəsi açılıb.
"Report" xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, hər iki şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə hər iki şəhidin qəhrəmanlığından, onların vətənpərvərliyindən söz açılıb.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədə şəhidlərimizin şücaətindən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğu bildirilib.
Hər iki şəhidin ailə üzvləri, müəllimləri, yaxınları çıxış edərək onlarla bağlı xatirələrini bölüşüb.
Bildirilib ki, İ.Babayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsi tərəfindən 2020-ci ilin sentyabr ayının 21-də hərbi təlimlərə çağırılıb, könüllü olaraq təlimlərə qatılıb.
Qeyd olunub ki, müharibənin başlandığı ilk gündə döyüş bölgəsinə yola düşüb. İqbal Babayev Füzuli, Cəbrayıl, Zəngilan və Xocavəndin bir sıra yaşayış məntəqələrinin işğalçılardan azad edilməsi ilə bağlı döyüş əməliyyatlarında iştirak edib.
Tədbirdə vurğulanıb ki, İ.Babayev Füzuli şəhərinin və rayonun Seyidəhmədli kəndinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.
Döyüş yoldaşlarının sözlərinə görə, düşməndən azad olunmuş yaşayış məntəqələrinin birinə Azərbaycan bayrağını sancmaq üçün dörd nəfər könüllü hərbçiyə ehtiyac olub. İqballa birlikdə dörd nəfər Azərbaycan bayrağını yüksəkliyə sancdıqdan sonra mənfur düşmənin namərd gülləsinə tuş gəlib.
İqbal Babayev sentyabrın 28-də Qəbələ şəhərində torpağa tapşırılıb.
Qeyd edək ki, İ.Babayev 1995-ci ilin sentyabrın 10-da Qəbələ şəhərində doğulub. O, 2002-2013-cü illərdə Bakı şəhəri 257 saylı orta məktəbində təhsil alaraq həmin məktəbi bitirib. 2013-cü ildə Xəzər Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub, daha sonra 2015-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İqtisadiyyat fakültəsində təhsilini davam etdirib. O, 2018-ci ildə Akademiyanı iqtisadçı ixtisası üzrə bitirib.
İqbal 2018-ci ilin iyun ayından 2019-cu ilin iyun ayına kimi Naxçıvanda müddətli hərbi xidmətdə olub və Vətən qarşısında hərbi xidmət borcunu yerinə yetirib.
Babayev İqbal Zəki oğlu Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Allah rəhmət etsin!