Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən "Report"a bildirilib ki, qonaqları salamlayan müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb.
İki dövlət arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun silahlanmasında olan “Baykar” şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatları (PUA) hərbi potensialımızı əhəmiyyətli dərəcədə gücləndirib. Həmin PUA-ların Vətən müharibəsində effektiv tətbiqi nəticəsində düşmənə ciddi zərbə vurulub, onun xeyli sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilib.
Görüşdə tərəflər Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini də müzakirə ediblər.