“Otuz ilə yaxın idi ki, hər birimiz Şuşanın azad olunmasını səbirsizliklə gözləyirdik. Nəhayət, bu həsrətə Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti, Azərbaycan Ordusunun rəşadəti və şəhidlərimizin qanı bahasına son qoyuldu. Artıq Şuşamız azaddır. Biz 29 ildən sonra ilk dəfədir ki, 8 may tarixini acı və həsrətlə qeyd etmirik”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.
Onun sözlərinə görə, artıq bir daha 8 may - Şuşanın işğal günü kimi Azərbaycanın tarixi yaddaşında həkk olunmayacaq: “Biz artıq bir daha bir millət, xalq kimi Şuşamızın başını aşağı dikməsini və işğal altında olmasını böyük kədər hissi ilə qeyd etməyəcəyik. Ata vəsiyyətini yerinə yetirən müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “Şuşa sən azadsan” və artıq “Şuşa sən bizimsən”. Bu gün artıq Şuşamız əmin əllərdədir”.
Deputat bildirib ki, Şuşanın Azərbaycan xalqı üçün siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür: "Şuşa həm də mədəniyyət abidələri ilə zəngindir. Onu da bildirim ki, Prezident İlham Əliyevin mayın 7-də imzaladığı sərəncamla Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Bundan əlavə, yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Ən yaxın zamanlarda isə Azərbaycan və Türkiyə prezidentləri Şuşaya birgə səfər edəcəklər. Biz ən yaxın vaxtlarda Türkiyənin Şuşada Baş Konsulluğunun da açılmasına şahidlik edəcəyik”.
R.Həsən vurğulayıb ki, Şuşa şəhərində indi yenidənqurma işləri sürətlə gedir: “Tezliklə köçkünlərimiz tarixi yurdlarına qayıdacaqlar. Azərbaycan mədəniyyətinin paytaxtı, Xarı bülbülün torpağı sən azadsan! Yenidən doğuluşun mübarək Şuşam! Şuşa bizimdir, Şuşa azaddır və bizim olaraq da qalacaq!"