Ermənilərin təxribatı ilə bağlı BMT Baş katibinə müraciət olunub

Ermənilərin təxribatı ilə bağlı BMT Baş katibinə müraciət olunub Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərib.
Qarabağ
7 Avqust , 2020 13:33
Ermənilərin təxribatı ilə bağlı BMT Baş katibinə müraciət olunub

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərib.

“Report” xəbər verir ki, həmin məktubda deyilir: 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın Tovuz rayonu istiqamətində artilleriya və minaatanlardan istifadə etməklə hücuma keçib. Sonrakı günlərdə Azərbaycan Tovuz rayonunun əhalisi sıx olan Ağdam, Dondar Quşçu və Əlibəyli kəndləri atəşə tutulub. Erməni təcavüzü nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini Əziz Əzizov, habelə Azərbaycan Silahlı Qüvvələrinin 12 zabiti və əsgəri həlak olub, çoxsaylı Azərbaycan vətəndaşları yaralanıb. Bu rayondakı mülki obyektlərə ciddi ziyan vurulub.

Məktubda qeyd edilir ki, Ermənistanın silahlı qüvvələrinin bu qərəzli hərəkətlərinin məqsədi təcavüzü genişləndirmək və Azərbaycan ərazisindəki yüksəkliklərə nəzarət imkanı əldə etmək və beləliklə, Azərbaycanın yaşayış məntəqələrinə və strateji əhəmiyyətli neft və qaz kəmərlərinə, o cümlədən hərbi eskalasiya zonasının yaxınlığında (müvafiq surətdə 15-25 kilometr və 10-12 kilometr məsafədə) yerləşən Cənub Qaz Dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yoluna təhlükə yaratmaq idi.

Ermənistan rəhbərliyi bu təcavüz aktının köməyi ilə Ermənistan ictimaiyyətinin diqqətini ölkədə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar daha da genişlənən dərin iqtisadi, maliyyə və siyasi böhrandan yayındırmağa çalışır.

Diplomat qeyd edib ki, Ermənistanın Azərbaycana hücumu rəsmi Yerevanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş araqızışdıran bəyanatlarından və hərəkətlərindən sonra törədilib. BMT-nin üzvü olan bir dövlətin ardıcıl təcavüz siyasətinin əyani nümunələri olan belə bəyanatlardan bir neçəsini xatırlatmaq kifayətdir.

Hələ 2013-cü ildə Ermənistanın ovaxtkı müdafiə naziri Seyran Ohanyan “Ermənistan Silahlı Qüvvələri birinci olaraq zərbə endirə bilərmi” sualının cavabında demişdi: “Mən heç nəyi istisna etmirəm, çünki bizim silahlı qüvvələrdən ölkənin müdafiəsi üçün istifadə edilməsi doktrinasında həm müdafiə, həm də preventiv xarakterli çoxsaylı tədbirlər nəzərdə tutulur”.

2014-cü ilin avqustunda Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyan bir müsahibəsində Azərbaycanın iri şəhərlərinə qarşı kiçik məsafəli ballistik raketlər buraxılacağı ilə hədələyərək demişdi: “Azərbaycan rəhbərliyi Ermənistan Silahlı Qüvvələrinin arsenalında hansı resurslar olduğunu çox yaxşı bilir. Onlar çox yaxşı bilirlər ki, bizim sərəncamımızda 300 kilometrdən artıq məsafəli effektiv ballistik raketlər var və həmin raketlər istənilən firavan yaşayış məntəqəsini Ağdam kimi xarabalığa çevirə bilər”.

2017-ci il sentyabrın 21-də Ermənistan Baş Qərargahının rəisi general-leytenant Movses Akopyan etiraf etmişdi: “bizə həqiqətən böyük ərazilər lazımdır ki, respublikamızın təhlükəsizliyinə daha yaxşı təminat verə bilək”.

Ermənistanın işğalçı qüvvələrinin rəhbəri, Ermənistan baş qərargah rəisinin müavini general-leytenant Levon Mnatsakanyan 2018-ci il iyulun 24-də keçirdiyi mətbuat konfransında Azərbaycanın mülki infrastrukturuna raket zərbələri endiriləcəyi ilə hədələyərək demişdi: “Bu, bizim taktiki planlarımızın bir hissəsidir. Ümumiyyətlə, döyüş əməliyyatları aparılması məharəti hərbi əməliyyatlar təzələnəcəyi halda bu obyektlərə, habelə hərbi hədəflərə zərbələr endirilməsini tələb edir. Bu, düşmənin iqtisadiyyatına ziyan vuracaq və silahlı qüvvələr üçün müvafiq təchizatın təmin edilməsinə imkan verməyəcək. Mən hələlik buna zərurət görmürəm... lakin həmin hədəflərə zərbə endirmək zəruri olsa, biz bir saniyə belə tərəddüd etməyəcəyik”.

2019-cu il martın 30-da Ermənistanın müdafiə naziri David Tonoyan demişdi: “Mən müdafiə naziri kimi bəyan edirəm ki, sülh naminə ərazi formatını ifadə edən mən olmuşam. Biz əksinə edəcəyik – yeni ərazilər üçün yeni müharibə”. O, daha sonra deyib: “Biz bu xəndək vəziyyətindən, daim müdafiə olunmaq vəziyyətindən yaxa qurtaracaq və döyüş əməliyyatlarını düşmən ərazisinə keçirə bilən bölmələr əlavə edəcəyik”.

İyulun 12-də törədilmiş hücumdan iki gün əvvəl Ermənistan özünün yeni milli təhlükəsizlik strategiyasını qəbul edib. Bu strategiya təcavüz və ilhaq siyasətini təsdiq edib. 2020-ci il iyulun 13-də, yəni hücum başlananın ertəsi günü Ermənistan müdafiə naziri David Tonoyan ATƏT-in fəaliyyətdə olan sədri Ancey Kasprşik ilə telefon söhbətində yeni əlverişli mövqelər tutacağı ilə hədələyib.

Daha sonra qeyd edilir ki, hətta COVID-19 pandemiyasının dağıdıcı təsiri də Ermənistanın silahlı təxribat törətməsinə mane olmayıb. Aşkardır ki, Ermənistanın Birləşmiş Millətlər Təşkilatının Baş katibinin qlobal atəşkəsə çağırışını guya dəstəkləməsi və bu çağırışa sadiqliyi barədə bəyanatı ağ yalandır. Şübhə yoxdur ki, Ermənistanın məqsədi köməyə ehtiyacı olan insanların xilas etmək, onların əziyyətini yüngülləşdırmək deyil, öz təcavüzünü və ilhaq siyasətini genişləndirmək və təhlükəsiz şəkildə həyata keçirməkdir.

Ermənistanın indiki rəhbərliyi əhalini sülhə hazırlamaq əvəzinə öz sələflərinin ilhaqçı siyasətini həm sözdə, həm də əməli işdə təkrarlayır. Bu yaxınlarda törədilmiş eskalasiya Ermənistanın danışıqların formatına meydan oxumaq və sülh prosesini pozmaq, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və münaqişənin həllinə dair digər sənədlərin mahiyyətini təhrif etmək, Azərbaycan ərazilərinin işğalını uzatmaq, bu ərazilərdə Ermənistanın hərbi iştirakını möhkəmlətmək, həmin ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişməkdir. Belə hərəkətlərin münaqişənin dinc yolla və razılaşdırılmış şəkildə nizamlanması məqsədilə heç bir əlaqəsi yoxdur.

Azərbaycan Respublikası beynəlxalq birliyin diqqətini dəfələrlə bu məqama cəlb edib ki, Ermənistanın təcavüzünün davam etməsi və Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni iştirakı müharibənin və yerlərdə təkrarlanan eskalasiya hallarının əsas səbəbidir. Azərbaycanlı diplomat yazır: “Biz ardıcıl olaraq bəyan edirik ki, Azərbaycan öz ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının zorla yerinin dəyişdirilməsindən əziyyət çəkən ölkə kimi bu münaqişənin tezliklə və uzunmüddətli həllinin axtarılıb tapılmasında ən çox marağı olan tərəfdir”.

Lakin Azərbaycan əlini yanına salıb gözləməyəcək və Ermənistanın təxribatlarına, atəşkəs rejiminin pozulmasına adekvat reaksiya verəcək. Beləliklə, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın bu yaxınlarda törətdiyi silahlı hücumları dəf etmək üçün, öz əhalisinin təhlükəsizliyini təmin etməyə, erməni tərəfin atış və dayaq mövqelərini neytrallaşdırımağa, onları təcavüz aktlarını davam etdirməkdən və vəziyyəti nəzarətə almaqdan çəkindirməyə yönəlmiş zəruri əks tədbirlər görüb. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyəti və rəşadəti bir daha göstərdi ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünün pozulmasına dözməyəcək, öz ərazilərinin işğal edilməsi ilə barışmayacaq. Ermənistandan fərqli olaraq Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq adət hüququna müvafiq olaraq yalnız özünümüdafiə hüququ çərçivəsində hərəkət edir.

Bir daha təkrarlamaq yerinə düşər ki, təcavüz və onun hərbi nəticələri münaqişənin həlli deyil və heç vaxt Ermənistanın can atdığı siyasi nəticələrə gətirib çıxarmayacaq. Məktubun sonunda deyilir: “Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edilməklə mümkündür. Azərbaycan bu çərçivələrdən kənarda münaqişənin həllini mümkün hesab etmir və bu anlayış əsasında nizamlama prosesində iştirak edir”.

Son xəbərlər

Orphus sistemi