BAMF erməni təcavüzü ilə bağlı hesabat hazırlayıb

BAMF erməni təcavüzü ilə bağlı hesabat hazırlayıb Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Vətən Müharibəsi ilə bağlı ikiaylıq hesabat hazırlayıb. 
Qarabağ
5 Noyabr , 2020 15:27
BAMF erməni təcavüzü ilə bağlı hesabat hazırlayıb

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Ermənistan işğalçı hərbi qüvvə­lərinin Azərbaycana qarşı törətdiyi cinayətlərə dair hesabat hazırlayıb.

“Report” xəbər verir ki, bu barədə hüquq müdafiəçisi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu məlumat verib.

O bildirib ki, hesabat Ermənistan hərbi qüvvələrinin Qarabağ cəbhəsində provokativ əməlləri nəticicəsində baş verən eskalasiyanın sentyabr və oktyabr ayları üzrə yekunlarına həsr edilib:

"Hesabatda erməni hərbi birləşmələrinin Azərbaycanın mülki şəxslərinə, strateji obyektlərə, sosial infrastruktura qarşı Ermənistan hərbi qüvvələrinin təcavüzünün nəticələrinə dair qiymətləndirmələr əks olunub.

Hesabat 27 sentyabr tarixindən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan hərbi qüvvələri tərəfindən təmas xəttindən uzaqda yerləşən şəhərlərin, kəndlərin atəşə tutulması nəticəsində baş verən hərbi cinayətlərdən bəhs edir. Hesabat BAMF müşahidə missiyasının İkinci Qarabağ müharibəsi zamanı erməni hərbi birləşmələrinin beynəlxalq hüquq normalarına zidd əməllərinin təsbit olunması baxımından fərqli bir yanaşmadır. Belə ki, hesabatın hazırlanması zamanı müharibədən zərərçəkmiş və müharibədə iştirak etmiş şəxslərin, onların ailə üzvlərinin, vətəndaş cəmiyyəti qurumlarının, hərbi mükəlləfiyyətlilərin, eləcə də beynəlxalq qurumların, media təmsilçilərinin rəylərinə, müxtəlif araşdırmalara və əyani müşahidələrə istinad edilib".

U.Rəhimoğlu qeyd edib ki, hesabatda erməni hərbi birləşmələrinin Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Goranboy şəhərlərinin hədəfə götürməsi nəticəsində törədilmiş hərbi cinayətlərin hüquqi qiymətləndirilməsi haqda geniş təhlil aparılıb:

"Ermənistan hərbi qüvvələrinin qanunsuz silah daşımacılığı, muzdluların hərbi əməliyyatlarda iştirakı, beynəlxalq konvensiyalara zidd olaraq mülki şəxslərə qarşı qanunsuz silah və sursatlardan istifadə, mülki obyektlərin dağıdılması, Azərbaycanın iri sənaye şəhərlərinin ballistik raketlərlə atəşə tutulmasının nəticələri hesabatda dəqiqliklə əks olunub. Uzun illərdir müharibədən zərərçəkmiş və təmas xəttinə yaxın ərazilərdə fəaliyyət göstərən, sosial humanitar proqramlar yerinə yetirən vətəndaş cəmiyyəti qurumunun müstəqil müşahidələrinin və araşdırmalarının nəticəsi olan hesabat BAMF müşahidә missiyasının üzvlәri - BAMF prezidenti Umud Mirzәyev, vitse-prezident Ramil Әzizov, təşkilatın Amerika təmsilçisi, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys, BAMF-nin BMT-nin Cenevrə ofisində, BMT İnsan Haqları üzrə Komitəsində daimi nümayəndəsi, hüquq elmləri üzrə professor Osman Әl-Həcc tərəfindən hazırlanıb" - deyə, U.Rəhimoğlu bildirib.

Sənəd BMT-nin Baş katibi Antonio Quterreş, BMT İnsan Haqları ofisinin rəhbəri Mişel Baçelot, ATƏT, Avropa Şurası, Beynəlxalq Böhran Qrupunun rəhbəri Anna Neiştad və Qrupun vəkillik və kampaniya üzrə meneceri Eleanor Kennedi, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai və eləcə də müxtəlif beynəlxalq qurumlara göndərilib. Hesabatın BMT agentlikləri və Avropa Şurası parlament üzvləri arasında geniş yayılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi