Mina problemlərinə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonu ərazisində yerləşən regional mobil sahə düşərgəsi ilə tanış olublar.
“Report” xəbər verir ki, konfrans iştirakçılarına ANAMA-nın Ağdam rayonu ərazisində gördüyü işlər barədə məlumat verilib. Onlara ərazilərdə aşkar edilmiş minaların partlayış üsulu ilə zərərsizləşdirilməsi də nümayiş etdirilib və minaaşkarlayan xüsusi dronlar barədə məlumat verilib.
Nümayəndə heyəti Pənahəli xanın Ağdam şəhərində yerləşən sarayı ilə tanış olub. Nümayəndə heyətinə bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən digər tarixi-mədəni və dini abidələr kimi Pənahəli xanın sarayı da ermənilər tərəfindən təhqir edilib və vandallığa məruz qalıb.
Xatırladaq ki, “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransın iştirakçılarının işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb.
ANAMA və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə martın 31-dən aprelin 1-dək Bakıda “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı hibrid beynəlxalq konfrans keçiriləcək. Tədbirdə dünyanın 30 ölkəsindən 120-dək iştirakçı, o cümlədən, Böyük Britaniya, Serbiya, İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Anqola, Kamboca, İordaniya, Sudan və s. ölkələrdən minatəmizləmə üzrə ixtisaslaşmış strukturları təmsil edən 20 vəzifəli şəxs iştirak edəcək. İştirakçılar sırasında xarici ölkələrin parlamentlərinin üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də var.