Vətən Müharibəsi Qəhrəmanı kapitan Cavid Mahmudovun şəhid olmasının ildönümü keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, bu münasibətlə onun ata ocağında anım mərasimi keçirilib.
Anım mərasimində rayonun icra başçısı Faiq Qürbətov, deputat Bəhruz Məhərrəmov, hərbçilər, qazilər, kənd sakinləri, məktəblilər və şəhidin yaxınları iştirak edib. Həmçinin bu münasibətlə şəhidin yaşadığı evdə Xatirə lövhəsi, küçədə isə Xatirə Kompleksinin açılışı keçirilib.
Qeyd edək ki, Mahmudov Cavid Hilal oğlu 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dünyaya gəlib. O, orta təhsilini 1995-2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində alıb.
2006-cı ildə hərbi təhsil almağa başlayan Cavid Mahmudov 2010-2011-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Motoatıcı tağım komandiri kursunu keçib. O, Daşkəsən, Tovuz, Göygöl rayonlarındakı hərbi hissələrdə bir sıra vəzifələrdə, habelə 2020-ci ildən Pirəküşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə tabor komandiri vəzifəsində işləyib.
Ötən ilin sentyabrında Vətən Müharibəsi başlayanda Cavid Mahmudov da ilk günlərdən döyüşlərə qoşulub. Cəsur zabitimiz bir sıra uğurlu əməliyyatlarda yaxından iştirak edib. Oktyabrda Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şücaətlər göstərib. O, əsgərlərimizi mühasirədən xilas edərək, 5-ci yüksəkliyə qələbə bayrağını sancarkən şəhidlik zirvəsinə ucalıb.
Şəhid zabitimiz oktyabrın 5-də Biləsuvarın Aşağı Cürəli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Cavid Mahmudov Ali Baş Komandan tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilib.