Birinci Qarabağ müharibəsində yaralanan, Vətən müharibəsində şəhid olan "Kobra" ləqəbli polkovnik-leytenant

Birinci Qarabağ müharibəsində yaralanan, Vətən müharibəsində şəhid olan "Kobra" ləqəbli polkovnik-leytenant Qarabağ savaşının "Kobra"sı
Qarabağ
28 Oktyabr , 2021 14:31
Birinci Qarabağ müharibəsində yaralanan, Vətən müharibəsində şəhid olan Kobra ləqəbli polkovnik-leytenant

"Oğlum ehtiyatda olmasına baxmayaraq Vətən müharibəsi başlayan kimi döyüşlərə könüllü qatıldı. Mən şəhid oğlumla fəxr edirəm. Fəxr edirəm ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Xeyrulla İbrahimovun anasıyam".

Bunu "Report"a açıqlamasında Vətən müharibəsinin "Kobra" ləqəbli şəhid polkovnik-leytenantı Xeyrulla İbrahimovun anası Xalidə Zeynalova deyib.

Onun sözlərinə görə, müharibə başlayan zaman övladlarını tək buraxıb getməməsi ilə bağlı oğluna nə qədər çağırışlar etsə də, onu fikrindən daşındıra bilməyib:

"Gəlinim müharibədən dörd ay əvvəl vəfat etdi, üç övladı isə atasının himayəsində qaldı. Ancaq oğlum Vətəni öz övladlarından daha əziz tutdu. Oğlum Birinci Qarabağ müharibəsi zamanı Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə də savaşıb".

X.Zeynalova bildirib ki, X.İbrahimov hələ Birinci Qarabağ müharibəsində 1994-cü ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə yaralanıb. Bundan sonra ehtiyatda olan polkovik-leytenant kimi qeydiyyata alınıb.

O qeyd edib ki, oğlu X.İbrahimov Vətən müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərdə iştirak etmək üçün Müdafiə Nazirliyinə müraciət edib: "O, 4-cü Ordu Korpusunun Artilleriya rəisi vəzifəsində müharibəyə yollandı. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə savaşdı. Onun qədər artilleriyanı dəqiq bilən adam yox idi. Səngərə yollanan kimi artilleriyanın koordinatlarını yoxlamaq üçün icazə alıb və görüb ki, yanlışlıq var. Generalların icazəsi ilə koordinatları dəyişib. Döyüşlərdə göstərdiyi şücaətlərə görə generalların rəğbətini qazanıb".

X.Zeynalova söyləyib ki, emənilər Xeyrulla İbrahimovun öldürülməsi üçün pul mükafatı təyin ediblərmiş.

Şəhid Faiq Ağakişi oğlu Sadıqovun anası isə oğlunun Birinci Qarabağ müharibəsində göstərdiyi şücaətlərdən danışarkən bildirib ki, ermənilər Faiqin başına pul qoyublar: "Oğlum döyüşlərə könüllü yollandı. Deyirdi ki, Vətənin bu günündə onun harayına çatmalıyam. O, Qubadlıda, Zəngilanda və Laçında döyüşüb. Axırıncı dəfə 1993-cü il avqustun 18-də Laçın döyüşlərində şəhid olub. Cənazəsi bu günə qədər Laçında qalıb".

Qeyd edək ki, bu gün Xətai rayonunda Vətən müharibəsi şəhidi polkovnik-leytenant İbrahimov Xeyrulla Mais oğlunun və Birinci Qarabağ müharibəsi şəhidi Faiq Ağakişi oğlu Sadıqovun xatirə lövhələrinin açılış mərasimi keçirilib. Mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

X.İbrahimov Xeyrulla İbrahimov 1971-ci il aprelin 19-da Bakıda anadan olub. O, 2020-ci ilin oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub və II Şəhidlər xiyabanında dəfn olunub. Müxtəlif illərdə "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi", "Hərbi xidmətlərə görə", "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" və "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalları ilə təltif olunub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Xeyrulla İbrahimov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət etsin!

Son xəbərlər

Orphus sistemi