Əslən Göyçə mahalından olan, Göygöl rayonda yaşayan 81 yaşlı Nərgiz Həsənovanın 7 nəvəsi Vətən müharibəsinin iştirakçısı olub.
"Report"un Qərb mərkəzinin məlumatına görə, döyüş zamanı zabit və müddətdən artıq hərbi xidmətdə olan nəvələrinin yolunu gözləyən, onlar üçün böyük narahatlıq keçirən N.Həsənova bu gün nəvələrinin yanında olmasından sevincli olduğunu, torpaqların işğaldan azad olunmasında onun da nəvələrinin payı olduğundan isə qürur duyduğunu bildirib.
Nəvələrindən biri müharibədə yaralandığı üçün müalicə olunur, digər bir nəvəsi isə məzuniyyətdədir. Digərləri isə hazırda da Vətənin keşiyindədir. N.Həsənovanın nəvəsi, bir neçə istiqamətdə gedən döyüşlərdə iştirak edən Faiq Həsənov müharibə zamanı imkan düşdükcə yaşlı nənəsinin narahatlıq keçirməməsi üçün ona zəng edərək döyüşdən kənar yerdə olduğunu deyib.
Qeyd edək ki, 17 nəvəsi, 18 nəticəsi olan N.Həsənova ailəsi ilə birgə 1988-ci ildə ermənilərin təzyiqi nəticəsində Göyçə mahalından çıxmağa məcbur olub. Onlar ilk olaraq Bərdə, sonra isə Göygöl rayonunda məskunlaşıblar.