Yanvarın 22-24-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Qubadlı, Zəngilan, Tərtər, Tovuz rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti Zəng mərkəzi sistemindən 9, Dövlət Sərhəd Xidmətindən 2 müraciət daxil olub.
Agentlikdən “Report”a verilən məlumata görə, daxil olmuş 11 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 18 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 282 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 19 ədəd tank əleyhinə mina, 2 ədəd bombacıq, 200 ədəd 7,62 mm-lik patronlar, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 8 ədəd partlamış mərmi qalıqları aşkarlanıb.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 694 600 kv.m (1 369 ha) ərazi yoxlanılıb, 117 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 282 tikili yoxlanılıb.
Agentliyin partlayış qrupu tərəfindən 13 ədəd partlamamış hərbi sursat (PHS), 68 ədəd mina və 2 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 97 398 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.